BAKI, 9 sentyabr. TELEQRAF

Siyasi dialoq və iqtisadi bağlantı dayanıqlı inkişafın bir-birini tamamlayan əsaslarıdır. Bu dinamika CICA-nın Azərbaycan sədrliyinin gələcək təşəbbüsləri, o cümlədən nəqliyyat infrastrukturunun inkişafı və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təşviqinə həsr olunmuş planlaşdırılan onlayn tədbirlər vasitəsilə davam etdiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə” (AQEM – CICA) çərçivəsində liman rəhbərlərinin konfransında CICA-nın Baş katibi Kayrat Sarıbay deyib.

O qeyd edib ki, ümumilikdə, bu fəaliyyətlər sədrliyin bağlantı gündəliyini geniş müzakirələrdən praktiki və konkret sektorlar üzrə əməkdaşlığa keçirmək əzmini nümayiş etdirir. Bugünkü konfrans da bu səylərin məntiqi davamıdır:

“Bu, həmçinin CICA üzv dövlətlərinin liman administrasiyaları arasında peşəkar əlaqələrin gücləndirilməsi, əməliyyat təcrübəsinin bölüşdürülməsi və daha sıx əməkdaşlığın dəstəklənməsi yollarını nəzərdən keçirmək üçün bizə imkan yaradır.

CICA Katibliyi öz mandatı və mövcud resursları çərçivəsində maraqlı üzv dövlətlər arasında kommunikasiya və məlumat mübadiləsinin asanlaşdırılmasına, habelə bu konfransda qəbul ediləcək tövsiyələrin icrasının davam etdirilməsinə dəstək verməyə hazırdır”.