BAKI, 9 sentyabr. TELEQRAF

“Nikol Paşinyan baş nazir olduğu müddətdə ticari-iqtisadi sahədə Rusiyadan Ermənistana qarşı hansısa yumşalma və güzəşt olmayacaq”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib.

Duma üzvünün iddiasına görə, ikitərəfli münasibətlərin pisləşməsinin əsas səbəbi İrəvanın seçdiyi siyasi xətt və Moskvanın düşmənləri ilə ittifaqlar qurmaq cəhdləridir.

Zatulin qeyd edib ki, tərəflər arasında vaxtaşırı təmaslar olsa da, Moskva Ermənistanın “şantaj”ına boyun əymək niyyətində deyil.

Rusiyalı deputat Ermənistan hakimiyyətinin Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirməsi ehtimalının az olduğunu da iddia edib: “İrəvan əlverişsiz nəticə əldə etmək riskindən yayınmağa çalışacaq”.