BAKI, 9 sentyabr. TELEQRAF

Hədəflərimiz ilə onların həyata keçirilməsi arasındakı ən böyük çətinlik maliyyələşdirmədir.

Teleqraf xəbər verir ki, bunu COP31-in icraçı direktoru Fatma Varank Bakıda keçirilən Dördüncü İqlim Həftəsinin açılış mərasimində deyib.

O bildirib ki, ötən həftə İstanbul İqlim Maliyyələşdirilməsi Sammitində qlobal iqlim maliyyələşdirilməsi ehtiyacının illik 7,5 - 9 trilyon dollar, mövcud axınların isə təxminən 1,9 trilyon dollar səviyyəsində olduğu bir daha vurğulandı.

Onun sözlərinə görə, bu kəsiri yalnız dövlət büdcələri ilə bağlamaq mümkün deyil:

"Bankları, investorları və şirkətləri yaşıl transformasiyanın tam mərkəzinə dəvət edirik. Ehtiyacı olan ölkə ilə həlli təqdim edən maliyyələşməni eyni körpü üzərində birləşdirməyi hədəfləyirik. Önümüzdəki iki gün ərzində sizləri miqyaslandırıla biləcək həlləri, ehtiyac duyulan tərəfdaşlıqları və tətbiq üçün zəruri olan maliyyələşmə ilə texniki dəstəyi birlikdə müzakirə etməyə dəvət edirəm.

Burada irəli sürüləcək fikir və təkliflər COP31 fəaliyyət gündəliyini irəliyə aparacaq. Bu böyük görüşü Avstraliya ilə çiyin-çiyinə hazırlayırıq. Bakıdan Nyu-Yorka, Londondan Ficiyə qədər hər dayanacaqda birlikdə addımlayırıq. Ficidəki Pre-COP-da ən həssas Sakit okean ölkələrinin səsini dünyaya birlikdə çatdıracağıq.

COP31 tematik günlərini fəaliyyət gündəliyinin prioritetlərinə uyğun olaraq açıqladıq. Antalyada hər prioritet mövzu nazirlər səviyyəsindəki dialoqlar, biznes forumları və tərəfdaşlıq elanları ilə nəzərdən keçiriləcək".