BAKI, 20 noyabr. TELEQRAF
Bu ilin yanvar-oktyabr aylarında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən özəlləşdirmə və icarədən dövlət büdcəsinə 157,4 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Qurumdan Teleqraf-a verilən məlumata görə, hesabat dövründə 46 hərrac keçirilib. Hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi, 4 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi, 929 nəqliyyat vasitəsi özəlləşdirilib.
Cari ilin yanvar-oktyabr aylarında özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 118,8 milyon manat təşkil edib.
Əlavə olaraq, dövr ərzində 562-si qeyri-yaşayış, 3.610-u torpaq sahələri üzrə olmaqla 4.172 yeni icarə müqaviləsi bağlanılıb. Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 38,6 milyon manat vəsaitin ödənilməsi təmin olunub.