
BAKI, 15 aprel. TELEQRAF
Azərbaycanda son illər mənzillər bahalaşsa da, Türkiyə, Gürcüstan və digər ölkələrlə müqayisədə bazarda qiymətlər aşağıdır.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın (AMB) “Maliyyə Sabitliyi hesabatında” bildirilib.
Məlum olub ki, mənzil bazarında qiymətlər 2024-cü ildə 2023-cü ilin sonu ilə müqayisədə 9.9% artıb. Bütövlükdə, 2020-ci ilin sonu ilə müqayisədə mənzil qiymətlərində 32.4% artım baş verib. Bakı şəhəri üzrə təklif olunan orta ev qiymətlərinin orta aylıq nominal əmək haqqına (Bakı üzrə) nisbəti isə 189 ay və ya 15.7 il təşkil edir.
O ki qaldi kiratə mənzil bazarına, Bakı şəhəri üzrə təklif edilən median aylıq kirayə haqqı 927 manat təşkil edib. Bu da daşınmaz əmlakın kapitalizasiya müddətinin 12-19 il olmasını şərtləndirir.
Qeyd edək ki, 2024-cü ildə mənzil qiymətlərinin artım tempi sərəncamda qalan gəlirlərin artım tempini üstələyib. Belə ki, DSK-ın məlumatına əsasən, ötən ilin sonu ilə müqayisədə mənzil qiymətləri 9.9%, sərəncamda qalan gəlirlərin artım tempi isə 5.9% təşkil edib. Ümumilikdə isə, 2020-ci ildən etibarən mənzil qiymətləri 32%, sərəncamda qalan gəlirlər isə 39% artmışdır