
BAKI, 15 aprel. TELEQRAF
Mart ayında dünya üzrə neft təklifi artıb.
Teleqraf xəbər verir ki, beynəlxalq hesabatlara əsasən, qlobal neft təklifi əvvəlki ayla müqayisədə gündəlik təxminən 590 min barel artaraq 103 milyon 600 min barelə yüksəlib. Bu göstərici illik müqayisədə isə gündəlik 910 min barellik artıma bərabərdir.
OPEC-in mart ayındakı xam neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 130 min barel azalaraq 27 milyon 350 min barel təşkil edib. Kartelin qeyri-ənənəvi mənbələrdən hasilatı isə gündəlik 5 milyon 600 min barel səviyyəsində olub. Beləliklə, OPEC-in ümumi neft təklifi ötən ay gündəlik 33 milyon 940 min barel olub.
OPEC-ə daxil olmayan ölkələrdə isə əksinə, gündəlik hasilat artıb. Bu ölkələrin ümumi neft hasilatı mart ayında təxminən 720 min barel artaraq 70 milyon 640 min barelə çatıb.