
BAKI, 15 aprel. TELEQRAF
2025-ci ilin yanvar mart aylarında əhali "Bank BTB"dəki pullarını geri çəkib.
Teleqraf xəbər verir ki, bankın müştərilərin tələbli depozitləri 2024-cü ilin sonundakı 12 milyon 598 min manatdan 2025-ci ilin birinci rübündə 11 milyon 308 manata düşüb.
Müddətli depozitlər isə hesabat dövründə 3 milyon manata yaxın artaraq 135 milyon 600 min manata çatıb.Yeri gəlmişkən, müddətli depozitlər bank üçün gəlirli deyil. Çünki müvafiq müqaviləyə əsasən əvvəlcədən müəyyən edilmiş müddətə gəlirlərin əldə edilməsi məqsədi ilə yerləşmiş əmanət növüdür. Əgər əmanətçi pulu danışılmış müddətdən əvvəl götürmək istəyirsə, bank bu işdə ona əngəl olmur, amma bu zaman hesablanmış faizlər ləğv oluna bilər. Müddətli əmanətlərdə faiz dərəcələri daha yüksək olur. Yəni bank müəyyən zaman çərçivəsində likvidliyini təmin etmək üçün bu vəsaitlərin cəlbində maraqlı olur.
İlin birinci rübüsdə müştərilərə verilən kreditlərin həcmi azalıb. Bankın 2024-cü ilin sonuna olan 270 milyon manatlıq kredit portfeli bu ilin aprel ayının 1-i tarixinə 269 milyon manata düşüb.
Bankın mənfəət və zərər ilə bağlı göstəriciləri də diqqət çəkir. Bankın vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilməzdən əvvəlki mənfəəti 814 min manat manat olub. Halbuki 2024-cü ilin ilk rübündə bank 1 milyon 510 min manat mənfəət əldə etmişdi.