BAKI, 14 aprel. TELEQRAF

Avropada havaların qısamüddətli soyuması və enerji tələbatının artması nəticəsində, bu ilin aprelində yeraltı anbarlardan çıxarılan qazın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyası (Gas Infrastructure Europe, GIE) məlumat yayıb.

Məlumata görə, bu artım fonunda anbarlara qazın vurulma tempi təxminən 25% azalıb. Aprelin 12-i tarixinə Aİ ölkələrinin yeraltı qaz anbarlarına cəmi 158 milyon kubmetr qaz vurulub. Çıxarılma isə 118 milyon kubmetrə yüksəlib. Anbarlara qazın vurulması 24% azalarkən, çıxarılma ötən illə müqayisədə 55% artıb.

İstilik mövsümünün martın 28-də başa çatması və ümumilikdə 151 gün davam etməsi nəticəsində, Aİ ölkələri yeraltı qaz anbarlarından 74 milyard kubmetrdən çox qaz çıxarıb. Net çıxarılma isə 69 milyard kubmetr təşkil edib ki, bu da ötən illə müqayisədə 54% artım deməkdir.

Aprelin əvvəlində Avropanın ümumi qaz ehtiyatı 38,3 milyard kubmetr təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 43% azdır. Hazırda isə yeraltı qaz anbarlarının cəmi 35,08%-i doludur. Bu göstərici son beş ilin ortalamasından 11,32 faiz bəndi aşağıdır. Ötən ilin eyni dövründə isə doluluq səviyyəsi 61,2% olub.

Avropa Komissiyasının tələbinə əsasən, Aİ ölkələri noyabrın 1-nə qədər anbarlarını minimum 90% səviyyəsində doldurmalıdırlar. TASS-ın hesablamalarına görə, bu tələbi yerinə yetirmək üçün Aİ ölkələri qarşıdakı aylarda azı 61 milyard kubmetr net qaz vurmalıdırlar. Bu göstərici ötən illə müqayisədə 50% çoxdur və tarixdəki ən yüksək göstəricilərdən biri sayılır.

Digər tərəfdən, Avropaya mayeləşdirilmiş təbii qazın (LNG) idxalı da sürətlə davam edir. Aprel ayında LNG-nin qaz nəqli sisteminə ötürülməsi mart ayındakı rekord səviyyəni – 12,7 milyard kubmetri – üstələyib. Hal-hazırda Avropanın LNG-nin regazifikasiya və boru kəmərlərinə ötürülməsi üzrə imkanları 57%-lik güclə işləyir. LNG idxalı ötən ilin aprel ayı ilə müqayisədə 25% artıb.

Mart ayında Avropada qazın orta alış qiyməti min kubmetr üçün 467 dollar təşkil edib, apreldə isə bu göstərici 421 dollara düşüb. Külək enerjisinin elektrik enerjisi istehsalındakı payı martda 17%, apreldə isə 16% olub.