BAKI, 15 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff İranla birbaşa aparılan danışıqlara dair “X” sosial şəbəkəsində açıqlama verib.

Teleqraf xəbər verir ki, Vitkoff paylaşımında mümkün razılaşmanın yalnız Trampın rəhbərliyi altında əldə olunacağı təqdirdə reallaşa biləcəyini vurğulayıb.

Onun sözlərinə görə, yekun sənəd Yaxın Şərqdə sülh, sabitlik və rifaha töhfə verməli, bu məqsədlə İran nüvə zənginləşdirmə və silahlanma proqramını dayandırmalı və tam şəkildə ləğv etməlidir.

Vitkoff əlavə edib ki, İranla imzalanacaq potensial razılaşma “dünya üçün ədalətli bir razılaşma” olmalıdır. O, Trampın ona verdiyi əsas tapşırığın da məhz bu prinsiplər əsasında işləmək olduğunu bildirib.