BAKI, 11 aprel. TELEQRAF

Bu ilin yanvar-mart aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən ümumilikdə 15,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Teleqraf Dövlət Statistika Komitəsinə əsasən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz azalma deməkdir. Neft-qaz sektorunda isə məhsul istehsalı 3,6 faiz azalıb, qeyri-neft-qaz sektorunda əksinə, 3,5 faiz artım qeydə alınıb.

Sənaye məhsulunun 62,4 faizi mədənçıxarma sektorunda, 30,3 faizi emal sektorunda, 6,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,5 faiz azalsa da, əmtəəlik qaz hasilatında 1,1 faiz artım müşahidə edilib. Emal sektorunda bəzi sahələrdə ciddi artım qeydə alınıb. Belə ki, ağac və ağac məmulatlarının istehsalı 2 dəfə, əczaçılıq məhsullarının istehsalı 43,3 faiz, kompüter, elektron və optik məhsulların istehsalı isə 31,4 faiz artıb. Həmçinin, dəri məmulatları və ayaqqabı istehsalı 23,7 faiz, maşın və avadanlıqların istehsalı 20,9 faiz, toxuculuq məhsulları 15,6 faiz, qida məhsulları isə 12,2 faiz artımla yadda qalıb.

Eyni zamanda, bəzi sahələrdə istehsalda azalma müşahidə olunub. Geyim istehsalı 45,3 faiz, poliqrafiya məhsulları 55,1 faiz, mebel istehsalı 9,7 faiz, tikinti materialları 9,5 faiz, metallurgiya məhsulları 8 faiz, neft məhsulları isə 7 faiz azalıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda isə 1,2 faiz, su təchizatı və tullantıların emalı sektorunda 3 faiz artım qeydə alınıb.