TBİLİSİ, 11 mart. TELEQRAF

2024-cü ildə Azərbaycan Gürcüstan iqtisadiyyatına 70,7 milyon ABŞ dolları həcmində investisiya yatırıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ötən il üzrə ilkin hesabatında bildirilib.

2023-cü illə müqayisədə sərmayələrin həcmində 21,7% azalma qeydə alınıb.

Hesabat ilində Azərbaycanın investisiyalarının Gürcüstan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarda payı 5,3%-ə bərabər olub.

Ötən il Azərbaycan Gürcüstanın ən əsas investor ölkələri arasında VI yeri tutub. İlk beşlikdə Böyük Britaniya (448,2 mln. ABŞ dolları), Malta (175,8 mln. ABŞ dolları), Niderland (151,7 mln. ABŞ dolları), ABŞ (98,3 mln. ABŞ dolları) və Türkiyə (93,3 mln. ABŞ dolları) qərarlaşıb.

Hesabat ilində qonşu ölkədə birbaşa xarici investisiyaların ümumi həcmi 1 mlrd. 334 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 29,9% azdır. Ən çox sərmayə qoyulmuş sektorların ilk onluğuna maliyyə və sığorta, istehsal, daşınmaz əmlak, energetika, nəqliyyat, ticarət, informasiya və kommunikasiyalar, incəsənət, əyləncə və istirahət, hotel və restoranlar, inzibati fəaliyyət daxildir.