BAKI, 12 fevral. TELEQRAF

İsrail İordaniya Vəkillər Kollegiyasının sədr müavini Vəlid əl-Ədvan tərəfindən İsrail bayrağının tapdalanmasına kəskin etirazını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

İordaniyanın İsraildəki səfirliyinə rəsmi etiraz çatdırılıb.

Nazirlik hadisəni “ölkələr arasında sülh sazişinin ruhuna uyğun gəlməyən təhrik aktı” adlandırıb.

İsrail XİN bəyan edib ki, İordaniya hökumətindən bu cür hadisələrin gələcəkdə baş verməsinin qarşısını alacağını gözləyir.

Xatırladaq ki, həftənin əvvəlində İordaniya Vəkillər Kollegiyasının girişində baş verən hadisə lentə alınıb və sosial mediada geniş yayılıb.