BAKI, 12 fevral. TELEQRAF

Ötən gün Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiqləndi. Tədbirlər Planında “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar ölkədə adsız zirvələrə, Bakı şəhərində və digər böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adların verilməsi nəzərdə tutulub.

Yeni adlar veriləcək metro stansiyaları arasında “Gənclik”, “Xalqlar Dostluğu”, “Ulduz” stansiyalarının yer alacağı düşünülür. Buna səbəb bu stansiyaların adlarının artıq əhəmiyyətini itirməsi göstərilir. Bakı metrosu şəhərin əsas nəqliyyat arteriyalarından biri olmaqla yanaşı, həm də paytaxtın tarixi və mədəni kimliyini əks etdirən mühüm infrastruktur obyektidir. Bu səbəbdən də yeni adların müsabiqə və sorğu, cəmiyyətdən alınan rəylər əsasında müəyyən edilməsi məqbul hesab olunur.

Məsələ ilə bağlı Teleqraf-a danışan Milli Məclisin sədr müavini Musa Qasımlı bildirib ki, Prezident İlham Əliyevin təsdiqlədiyi Tədbirlər Planı siyasi və ideoloji əhəmiyyət daşıyır:

“2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, bu çərçivədə Tədbirlər Planının təsdiqlənməsi müxtəlif qurumların qarşısında ciddi vəzifələr qoyur. Tədbirlər Planında nəzərdə tutulan məsələlərin həyata keçirilməsi konstitusiyamızın və dövlət suverenliyimizin daha geniş təbliğinə gətirib çıxaracaq".

M. Qasımlı hesab edir ki, “Xalqlar Dostluğu" metro stansiyasının adı sovet hakimiyyəti illərində qoyulsa da, xalqlar arasında dostluq ideyaları həmişə aktual olaraq qalır.

Bununla belə, o, “Ulduz stansiyasının adının dəyişdirilməsini məqbul hesab edir.

"Metropolitenin həm indiki bəzi stansiyalarına, həm də gələcəkdə istifadəyə veriləcək stansiyalarına minilliklər boyu tariximizdə mühüm rol oynamış görkəmli dövlət, siyasi, hərb xadimlərimizin adının verilməsi faydalı olar. Onların adının hər dəfə stansiyada səsləndirilməsi milli dövlətçilik duyğularının artmasına kömək edər. Eyni məsələlər küçə, meydan və prospekt adlarına aiddir. Bəzi küçə adlarından tək Bakıda deyil, ölkəmizin digər şəhər və rayonlarında da imtina edilməsi, onlara böyük tarixi şəxsiyyətlərin adının verilməsi milli dövlətçilik, vətənpərvərlik ruhunun aşılanmasında əyani vasitə kimi əhəmiyyətli olar. Tariximizdə çoxlu görkəmli qadın elm, dövlət, ictimai xadimlər olsa da, adlarına metro stansiyasının olmaması da sual doğurur. Cənab Prezidentin imzaladığı Tədbirlər Planının həyata keçirilməsi millətimizin bütün yaş təbəqələrində, xüsusən məktəblilərdə, gənclərdə milli dövlətçilik və vətənpərvərlik hisslərinin gücləndirilməsində müstəsna rol oynayacaq”.

Qeyd edək ki, ölkədə adı dəyişdirilən sonuncu metro stansiya "Koroğlu"dur. 1972-ci ildə fəaliyyətə başlayan stansiyanın adı əvvəllər "Əzizbəyov" olub. 6 il öncə, 30 dekabr 2011-ci il tarixində stansiyanın adı dəyişdirilib və "Koroğlu" adlandırılıb.

Adları dəyişdirilən digər stansiyalar arasında "20 Yanvar" stansiyası da var. 1985-ci ildə "XI Qızıl Ordu Meydanı" adı ilə fəaliyyətə başlayan bu stansiyanın adı 20 yanvar hadisələrindən 2 il sonra, 27 aprel 1992-ci ildə "20 Yanvar"la əvəzlənib.

"Xətai" metro stansiyası Sovet dövründə “26 Bakı komissarları”nın liderlərindən olmuş Stepan Şaumyanın adını daşıyırdı. 1968-ci il 22 fevral tarixində açılan "Şaumyan” metrostansiyasının adı 1991-ci ildə dəyişdirilib.

İndiki "28 May" stansiyası əvvəl "28 Aprel" adlandırılıb. Bu stasiyanın adı 9 aprel 1992-ci ildə dəyişdirilib. 1972-ci ildən fəaliyyətə başlayan "Avrora" stansiyası 27 aprel 1992-ci ildən "Qara Qarayev" adlandırılıb. "26 Bakı Komissarı" stansiyasının adı isə 9 aprel 1992-ci ildə "Sahil" olub.

"Bakmil" stansiyası da adı dəyişdirilənlərdəndir. 1979-cu ildə fəaliyyətə başlayan stansiyanın o vaxtki adı "Elektrozavod" olub. 1 yanvar 1993-cü il tarixində həmin ad "Bakmil" adı ilə əvəzlənib.

"Bakı Soveti"nin adı isə uzun müddət qalıb. Yalnız 25 aprel 2007-ci il tarixində "İçәrişәhәr" adı ilə əvəzlənib.