![](https://teleqraf.az/storage/2025/02/12/715x378/cinayet.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Bakının Qaradağ rayonunda 1998-ci il təvəllüdlü İbrahim mübahisə zamanı həyat yoldaşı İlhaməyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, İbrahim yaşadıqları mənzilin qonaq otağında İlhaməni ona xəyanət etməkdə günahlandırıb. Mübahisə zamanı arvadının saçından tutaraq döşəməyə çırpıb. Sifət nahiyəsindən yumruq-şillə zərbələri vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
İstintaq orqanı tərəfindən İbrahimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə İbrahim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, oktyabrın 9-u axşam və ayın 10-na keçən gecə tam uzanıqlı vəziyyətdə divanda yuxuya gedib: “Yuxudan ağrıyıb oyandım. Arvadım İlhamənin üstümə çıxaraq məni bıçaqla vurduğunu gördüm. Mən də İlhamənin saçından tutaraq çölə çıxardım. Daha sonra təcili yardım və polisə zəng vurdum.
Mən İlhaməni vurmamışam. O məni vurduğu üçün ağrıya yuxudan oyanmışam. Bıçağı əlindən alıb onu evdən qovmuşam. Təcili yardımın işçiləri gələndə onlara da yuxulu olduğumu bildirmişəm. Ekspert rəyi ilə razı deyiləm. İlhamə mənə xəyanət etdiyi üçün uşaqları onun əlindən alacağımı demişəm. O da buna görə bıçaqla məni vurub”.
İbrahim ifadəsində son iki az yaşlı uşağına görə ayda 500 manat aliment ödədiyini, yatdığı yerdə İlhamənin onu bıçaqladığını, hadisədə heç bir təsqsirinin olmadığını nəzərə almağı, barəsində bəraət verilməsini xahiş edib.
“Yazışmalarını aşkarladım”
Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. Həmin ifadədən məlum olub ki, İbrahim ailə üzvləri ilə birlikdə yaşayır:
“Ruhi əsəb xəstəliyindən bu günə qədər əziyyət çəkməmişəm, bu gün də heç bir problemim yoxdur. 2019-cu ilin noyabrında İlhamə ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşam. 2021-ci ildə qızımız, 2022-ci ildə isə oğlumuz doğuldu. Aramızda münaqişə baş verən günə qədər münasibətlərimiz yaxşı olub.
Mən əvvəllər istintaqa hadisə barədə tam şəkildə ifadə vermişəm. Hazırda da bildirirəm ki, oktyabrın 9-da mobil telefonum xarab olduğundan İlhamənin istifadəsində olan telefonu götürərək işlədirdim. İlhamənin "İnstagram" sosial şəbəkəsindəki profilinə baxanda başqa biri ilə yazışmalarını gördüm. Daha sonra onun “whatsapp” proqram təminatına baxdım. Rəhim adlı şəxslə yazışmalarını aşkarladım. Yazışmalarda bir-birilərinə sevgiyə aid videolar, yazılar yazmışdılar. Bu mövzuda aramızda münaqişə yarandı.
Mən Rəhim adlı şəxslə görüşmək istədim. Amma o, görüşdən yayındı. İlhaməyə dedim ki, sabah səni atanın evinə yola salacam, uşaqlar məndə qalacaq, sənə uşaq verməyəcəm”.
“Arvadımı vurmamışam, döyməmişəm”
Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 10-da gecə saat 4 radələrində yaşadıqları evin qonaq otağındakı divanda yatıb: “Yatmamışdan əvvəl istifadəmdə olan mobil telefonda saat 06:00-a zəngli saat qurdum ki, birdən İlhamə uşaqları da götürərək evdən qaçar. Saat 6 radələrində divanda yatdığım halda bıçaq zərbələrinə ayıldım.
Gözümü açanda gördüm ki, İlhamə başımın üstündə dayanaraq mənə bir də bıçaqla zərbə atmaq istəyir. Sol əlimlə bıçağın tiyəsindən tutdum, barmağım da kəsildi. Divandan qalxaraq bıçağı İlhamənin əlindən alıb kənara atdım, özünü də evdən qovdum.
Mən nə həmin günü, nə də ondan əvvəl İlhaməni vurmamışam, döyməmişəm. Daha sonra Təcili Tibbi Yardım Stansiyasına zəng edərək məlumat verdim, həkim çağırdım. Daha sonra dostum Əliyə, sonra Cəmilə zəng elədim, onlara hadisə barəsində məlumat verdim”.
Təqsirləndirilən şəxs bildirib ki, İlhamənin məhkəmə-tibbi ekspertizasında göstərilmiş xəsarətləri o yetirməyib: “Həmin xəsarətləri İlhamə özü-özünə yetirib. Mən İlhamənin saçından tutaraq evdən qovan zaman mənim əlimi dişləyirdi. Mən də əlimi İlhamənin ağzından çıxardım və evdən çölə atdım. Hadisə zamanı İlhaməni döyməmişəm, ona xəsarət yetirməmişəm. İlhamə ilə qarşılaşmaq, üz-üzə gəlmək istəmirəm”.
“Pis vərdişləri olub”
İş üzrə zərərçəkmiş qismində ifadə verən İlhamənin sözlərinə görə, ailəsi ilə birlikdə yaşayır, ruhi əsəb xəstəliyindən əziyyət çəkməyib, bu gün də əziyyət çəkmir: “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin geoloji-kəşfiyyat fakultəsini bitirmişəm. 2019-cu ilin noyabrında İbrahimlə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşam. Birgə nikahdan bir qız, bir oğlumuz var.
Bu günə qədər İbrahimlə bir-birimizi möhkəm sevmişik. Biz sevib ailə həyatı qurmuşuq. Düzdür, hər bir ailədə olduğu kimi İbrahimlə aramızda ailədaxili kiçik münaqişələrimiz olub. Ailə həyatı qurduqdan sonra bu günə qədər müxtəlif yerlərdə, müxtəlif işlərdə çalışmışam. Lakin maddi vəziyyətimiz aşağı olub, daim valideynlərimiz bizə maddi dəstəkdə olub. İbrahimin pis vərdişləri vardı. Mənim və özünün iradəsi ilə pis vərdişlərdən uzaqlaşmağı bacarıb”.
İlhamə qeyd edib ki, 2022-ci ilin oktyabrında İbrahim oğurluq cinayəti ilə bağlı istintaqa cəlb edilib: “Məhkəmə barəsində azadlığın məhdudlaşdırılması cəzası çıxardı, ayağına qolbaq vuruldu. Lakin bir müddət cəzanın şərtlərinə riayət etmədi, evə gecələr gec gəldiyindən 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildi. Həmin müddətdə mən uşaqlarla birlikdə həm atamgilin yaşadığı evdə, həm də öz evimdə yaşamışam”.
“Xəyanət edəcək hərəkətim olmayıb”
Zərərçəkmiş deyib ki, İbrahim 1 aprel 2023-cü ildə azadlığa buraxılıb: “Azadlığa çıxandan sonra heç bir işlə məşğul olmadı. Valideynlərimin köməkliyi ilə dolandıq. İbrahim 2023-cü ilin avqustunda “Atelyer 61” restoranında aşpaz köməkçisi kimi çalışdı, 350 manat maaş alırdı. Mən isə 2023-cü ilin sentyabr ayının əvvəlində MMC-də ofis meneceri vəzifəsində işləyirdim. Bir ay işlədim, sonra öz ərizəmlə çıxdım.
Mən ofis meneceri vəzifəsində olanda şirkətin bir çox işçiləri ilə əlaqəli işləmişəm. Nömrəmi çox işçilər bilib. Mənə mütəmadi olaraq işlə bağlı yazaraq zəng ediblər.
İşdən mənə çoxlu zənglər gəldiyindən İbrahimlə aramızda mübahisələr yarandı. İbrahim qısqandığı üçün mən öz arzumla işdən çıxdım. İş yoldaşlarımın çoxunda mənim İnstaqram hesabımın adı vardı. Bir-birilərimizin arasında yazışmalarımız olurdu. Lakin mən iş yoldaşım və ya başqa bir oğlanlarla əxlaqsız, xəyanət edəcək heç bir hərəkətə yol verməmişəm”.
“Elə başa düşdü ki, ona xəyanət etmişəm”
İlhamənin ifadəsinə görə, oktyabrın 9-da səhər saatlarında İbrahim onun telefonuna baxan zaman instqramda Rəhim adlı iş yoldaşının ona video atdığını, onun da Rəhimə gülərək reaksiya verdiyini görüb və əsəbləşib: “Mən də Rəhimə vatsapda yazaraq bildirmişəm ki, İbrahim sənin mənə instqramda video atdığına görə əsəbləşib, sənə nə yazsa cavab vermə ki, İbrahim əsəbi oğlandır, ağır hadisə baş verməsin.
Həmin vaxt İbrahim hamamdaydı, mən də yazışmamı silmədim. Çünki qeyri-əxlaqi bir hərəkətim olmayıb. İbrahim hamamdan çıxdı və məni qonaq otağına çağırdı. Əsəbi halda qışqırdı, məndən nə baş verdiyini soruşurdu. Elə başa düşdü ki, ona xəyanət etmişəm. Mən də İbrahimin sakitləşməsini, sakit tərzdə söhbət edərək məsələyə aydınlıq gətirilməsini istədim.
İbrahim qışqıraraq məni xəyanətdə günahlandırırdı. Mobil telefonumu götürərək ortada heç bir pis hərəkət olmadığını göstərmək istəyəndə telefonu əlimdən aldı. Vatsapıma daxil oldu, orada mənim Rəhimə yazdığımı gördü, daha da coşdu. Üz nahiyəmdən bir şillə vurdu. Əli böyük olduğundan sifət və qulaq nahiyəmdən dəydi, qulağım hələ də ağrıyır.
İbrahim mənim istifadəmdə olan nömrənin vatsapından zəng etdi, Rəhim zəngi açanda qarşı tərəfdə İbrahimin olduğunu başa düşdüyündən zəngi bağladı. İbrahim bu hərəkətdən daha da hiddətləndi. Bir neçə dəfə zəng etdi, amma Rəhim zənglərə cavab vermədi.
İbrahim əsəbləşib geyimini dəyişdi, Rəhimi axtarmaq üçün evdən getdi”.
“Başa düşdüm ki, hədələyib”
İlhamənin sözlərinə görə, İbrahim açılıb bağlanan bıçağını, beşbarmağı, onun da mobil telefonunu götürərək aparıb: “Mən evdə oturdum. İbrahim saat 21 radələrində evə qayıtdı. Həmin vaxt qızımız oyaq idi, İbrahimin yanına gəldi. İbrahim sakit halda uşaqla oynadı.
Qızım İbrahimin yanında olanda mənə dedi ki, uşaqları bağçaya qoyacam, biz də ASAN xidmətə gedəcəyik, boşanma ərizəsi yazarıq, uşaqlardan imtina edərsən, mən aliment verməyəcəm. Mən də ona dedim ki, uşaqla oynayırsan, bu söhbətlərin yeri deyil, səhər açılsın söhbət edərik.
Sonra mən qızı götürərək yatızdırmağa apardım. Qızın yanında uzandım. Bir qədər sonra qızım yatdı. İbrahim otağa daxil olaraq məni çağırdı. Mən də onun yanına getdim. “Bildin ki, Rəhim zəngimə cavab verdi”, - deyə bildirdi. Mən də ondan nə danışdıqlarını soruşdum. İbrahim “Rəhim mənə dedi ki, İlhamə mənim iş yoldaşımdır, nə olub ki? Mən də ona elə eliyərəm, belə edərəm” – dedim". Başa düşdüm ki, İbrahim Rəhimi hədələyib.
İbrahim çox danışdığından artıq hövsələdən çıxdım. Ona dedim ki, özün bilərsən, get, nə bilirsən elə, öldürərsən, doğruyarsan, nə edərsən, özün bilərsən, mən gedib yatıram”.
“Zənn etdi ki, evdən qaçıram”
İlhamənin bildirdiyinə görə, yatandan sonra İbrahim gecə saatlarında evdən gedib, səhərə yaxın evə qayıdıb: “Evə gələndən sonra çimdi, yemək yedi, sonra qonaq otağındakı divanda yatdı. Ümumiyyətlə oğlum saat 5 radələrində oyandığı üçün mən də tez oyanıram. Saat 6 radələrində yuxudan oyandım, hamama əl-üzümü yumaq üçün gedirdim. Otağın döşəməsində gəzəndə səs etdiyimdən İbrahim ani yuxudan ayıldı, məndən hara getdiyimi soruşdu. İbrahim elə zənn etdi ki, uşaqları götürərək evdən qaçıram. Ona dedim ki, hamama gedirəm, əl-üzümü yuyacam. Uşaqlar da oyandığından səhər 07.30-da uşaqları da hazırlaşdırdım, bağçaya aparacağımı dedim. İbrahim əsəbləşərək dedi ki, sənə demədim, uşaqları özüm bağçaya aparacam?İbrahim söhbət edə-edə məni yanına çağırdı. İbrahim divanda yatmışdı, bıçaq, beşbarmağı da yanında qoymuşdu. Mən divanın bir küncündə oturdum. İbrahim məndən uşaqları alacağını deyəndə özümdən çıxdım. Əsəbləşərək dedim ki, sən nə danışırsan, mən nə etmişəm ki, uşaqları məndən alırsan?”
“Dedi, bu vaxta qədər mənə bıçaq soxan olmamışdı”
İlhamənin sözlərinə görə, daha sonra İbrahim onu əxlaqsızlıqda günahlandırıb və təhqir edib: “İbrahimə dedim ki, sən məni əxlaqsızlıq edəndə görmüsənmi, kiminləsə yataqda tutmusanmı? Cavab qaytardığımı görəndə o, daha da əsəbləşdi. Divanda oturduğum yerdə saçımdan tutdu, möhkəm zərblə yerə yıxdı, başım döşəməyə dəydi. Yumruqla sifətimdən bir neçə zərbə vurdu.
Başım yerə möhkəm dəydiyindən halım dəyişdi. Lakin qızımın məni çağırdığını eşidəndə biraz ayıldım. Amma ayağa qalxmadım. İbrahim mənə dedi ki, səni doğruyaram, səni öldürərəm. Mən bir az ayıldıqdan sonra bıçağı İbrahimin yanında gördüm, məni öldürəcəyindən qorxdum, özümü yerdən dikəldərək divanın üstündən bıçağı götürdüm. Sonra geriyə gedə-gedə ayağa qalxmağa çalışdım. Lakin tam ayağa qalxa bilmədim.
İbrahim mənim bu hərəkətimdən daha da əsəbləşdi, üstümə hücum çəkdi. Mən də İbrahimdən qorxaraq qışqırdım ki, üstümə gəlməsin. Gözümü yumdum, əlimdə bıçaqla İbrahimə tərəf uzatdım. Lakin onu vuraraq xəsarət yetirmək niyyətim yox idi. Həmin an özüm də bilmədən bıçağın İbrahimin sol çiyin nahiyəsinə dəydiyini hiss etdim.
İbrahim daha da əsəbiləşdi və qışqıraraq dedi ki, bu vaxta qədər mənə soxan olmamışdı, bu nə yaşayışdır?.. Məni nalayiq ifadələrlə təhqir etdi. Boğuşa-boğuşa divanın üstündə bir-birimizlə dalaşdıq”.
“Məni polis bölməsinə apardılar”
İlhamənin sözlərinə görə, İbrahim bıçağı onun əlindən alıb: “Mən də qorxdum ki, bıçaqla vuraraq məni öldürər. İbrahimin intim yerindən bir dəfə təpiklə zərbə vurdum. Bıçaq onun əlindən yerə düşdü. İbrahim məni boğdu, burnumdan tutaraq dartdı. Yumruqlarla sifətimdən, təpiklə bədənimin müxtəlif nahiyələrindən zərbələr vurdu. İbrahim mənim sifətimdən o qədər zərbələr vurdu ki, sifətim, qulağım qan içində idi. Sonra məni evdən çölə atdı.
İbrahimin xəsarət aldığını gördüm və ölməyindən qorxdum. Yan qonşunun qapısını döydüm, xanımdan telefonunu alaraq Təcili Tibbi Yardım Stansiyasına, polisə məlumat verdim.
Təcili yardım gələndən sonra İbrahim qapını açmırdı, yuxarı mərtəbədən qonşu bizim mərtəbəyə düşdü, əsəbi halda səhər tezdən səs-küy olmasından əsəbləşdi. Bizim qapını döydü, qapının açılmasını tələb etdi. İbrahim qapını açdı, həmin vaxt polis əməkdaşları da gəldi. Mən kənarda dayandım ki, İbrahimi həkimlər aparsın, mən də tez evə daxil olaraq körpə uşaqlarımı bağçaya yola salım, daha sonra polisə gedim.
Həkimlər İbrahimi apardığını görəndə arxayın olduğum üçün evə daxil oldum. Uşaqların üstünə qaçdım, onları hazırlaşdıran zaman qaynım Fuad, qayınanam Nəsibə və baldızım Sevda evə daxil oldular. Mənim üzümü qan içində görərək qorxdular. Uşaqları hazırlaşdırdım və Sevdaya verdim ki, bağçaya aparsın. Hamı evdən çıxdı. Mən binanın 14-cü mərtəbəsinə qalxdım, orada olan qonşuların birinin mobil telefonunu alaraq anama zəng etdim. Anamgil yolda olduqlarını, gəldiklərini dedilər. Mən qonşunun evində olan zaman polis avtomobilinin səsini eşitdiyim üçün öz yaşadığım evə düşdüm. Polis əməkdaşları məni polis bölməsinə apardılar”.
Bu cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını və hadisə nəticəsində özünün də xəsarət almasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb.
Məhkəmənin hökmü ilə İbrahim 7 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə yaşadığı Bakı şəhəri, Səbail rayonundakı evi hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılıb.