BAKI, 19 dekabr. TELEQRAF
Səudiyyə Ərəbistanının 2034-cü il futbol üzrə dünya çempionatı üçün nəzərdə tutulan stadion layihələri gecikmələrlə və xərclərin azaldılması ilə üzləşib.
Teleqraf xəbər verir ki, "The Guardian" nəşrinin məlumatına görə, Səudiyyə Ərəbistanının Suveren Sərvət Fondu olan İctimai İnvestisiya Fondu (PIF) xərclərin optimallaşdırılması məqsədilə stadion layihələrinin bir qisminin yenidən nəzərdən keçirilməsini tələb edib.
Məlumata əsasən, bir neçə memarlıq şirkətindən layihələri yenidən təqdim etmələri istənilib, çünki mövcud dizaynların çox baha olduğu qiymətləndirilib. Gələn il başlanması planlaşdırılan bəzi tikinti işlərinin isə vaxtında həyata keçirilməyəcəyi bildirilib.
Sənaye mənbələri dünya çempionatında istifadə olunacaq stadionların sayının ilkin tenderdə nəzərdə tutulan 15-dən azaldıla biləcəyini istisna etmir. Qeyd edək ki, 2034-cü il mundialının Səudiyyə Ərəbistanında keçirilməsi FIFA tərəfindən ötən ilin dekabrında təsdiqlənib.
Turnir üçün 11 yeni stadionun tikintisi, dörd mövcud arenanın isə yenidən qurulması planlaşdırılır. Layihələrdə Böyük Britaniyanın “Foster + Partners” və “Arup”, eləcə də ABŞ-nin “Populous” şirkətləri iştirak edir. Stadionların bir qismi Ər-Riyad, Ciddə, Əl-Xobar və Abha şəhərlərində, biri isə futuristik “Neom” layihəsi çərçivəsində inşa edilməlidir.
Bildirilir ki, PIF neft qiymətlərinin enməsi fonunda 2025-ci ildə xərcləri azı 20 faiz azaltmağı planlaşdırır. Bu isə “Vision 2030” strategiyası çərçivəsində həyata keçirilən iri infrastruktur layihələrinə, o cümlədən dünya çempionatı hazırlıqlarına təsir göstərə bilər.
Səudiyyə Ərəbistanı Futbol Federasiyası məsələ ilə bağlı şərh verməyib.