QƏBƏLƏ. 10 aprel. TELEQRAF

Bu gün start götürən Qəbələ - Xankəndi ultramarafonu Qəbələ - Ağdaş, Ağdaş - Bərdə, Bərdə - Ağdam və Ağdam - Xankəndi mərhələlərindən ibarət olacaq.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov bildirib.

Onun sözlərinə görə, ötən il ultramarafona 4 ölkədən 64 iştirakçı qatılmışdısa və onlardan 17-si xanım idisə, bu il 6 ölkədən 23-ü xanım olmaqla, 81 iştirakçı var.

Məmmədov tədbirə Qəbələ şəhər əhalisinin də böyük marağının və idmançılarda ruh yüksəkliyinin olduğunu söyləyib: "10 il əvvəl Qəbələdən Xankəndiyə marafonun olacağını desəydilər, biz bir-birimizin üzünə təəccüblə baxar, bunun yuxu və ya zarafat olduğunu sanardıq. Amma artıq bu, bir reallıqdır. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız azad olunub, şəhidlərimiz, qazilərimizin sayəsində bu gün belə gözəl anları yaşayırıq".

Nazirlik rəsmisi ötən il İdman Paytaxtı Qubada keçirilmiş tədbirlər sayəsində idmanla məşğul olanların sayında 20 faiz artımın olduğunu vurğulayıb. O, builki İdman Paytaxtı Qəbələdə də idman tədbirlərinin sayının çoxalacağına inam ifadə edib.