
XANKƏNDİ, 13 aprel. TELEQRAF
Qəbələ-Xankəndi ultramarafonunda dördüncü mərhələnin qalibləri müəyyənləşib.
Teleqraf xəbər verir ki, Ağdam-Xankəndi marşrutu üzrə 28 kilometr məsəfədə finişə türkiyəli Ömər Alkanoğlu birinci çatıb.
İkinci yeri Türkiyə təmsilçisi Üzeyir Söylemez, üçüncü yeri isə gürcüstanlı Giorgi Lomidze tutub.
Xanımlar arasında birinci yeri türkiyəli Hasibe Deniz, ikinci yer ukraynalı
Oleyna Şevçenko, üçüncü yeri isə azərbaycanlı iştirakçı Leyla Abdinova tutub.
Medalçılar sonda gənclər və idman naziri Fərid Qayıbov tərəfindən təltif edilib. 192 kilometrlik marafonda üçüncü yeri tutan gürcüstanlı Giorgi Lomidze (2000 manat), ikinci yeri tutan türkiyəli idmançı Ömər Alkanoğlu (3000 manat) və marafonun qızıl mükafatçısı türkiyəli Üzeyir Söylemez (4000 manat) mükafata layiq görülüblər.
Qadınlar arasında isə bürünc medalın sahibi Mariya Kalpakova(2000 manat), gümüş medalçı Hasibe Deniz (3000 manat), qızıl medalın sahibi isə Oleyna Şevçenko (4000 manat) olub.
Xatırladaq ki, 3 gün əvvəl Qəbələ şəhərindən start götürən ultramarafona 23-ü qadın olmaqla 81 atlet qatılıb. Yarış iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri yer alıblar.
Qeyd edək ki, ultramarafon Qəbələ-Ağdaş (55 kilometr), Ağdaş-Bərdə (65 kilometr), Bərdə-Ağdam (44 kilometr) və Ağdam-Xankəndi (28 kilometr) mərhələlərindən ibarət olub.