
BAKI, 14 aprel. TELEQRAF
2026-cı ildə İtaliyada keçiriləcək XXV Qış Olimpiya Oyunlarının rəsmi məşəlləri təqdim edilib.
Teleqraf "Associated Press"ə istinadən xəbər verir ki, təntənəli təqdimat bu gün, aprelin 14-də Milanda baş tutub.
Məşəllər təkrar emal edilmiş materiallardan hazırlanacaq. Onun konstruksiyası isə 10 dəfəyə qədər yanacaq doldurmağa imkan verəcək ki, bu da təşkilatçıların fikrincə, lazım olan məşəllərin ümumi sayını azaldacaq. Mavi-yaşıl rəngə malik Olimpiya məşəli alüminium-latun ərintisindən hazırlanıb. Onun Paralimpiya versiyası isə bürünc rəngdədir.
Noyabrın 26-da Yunanıstanın Olimpiya şəhərində alovlandırılacaq məşəl dekabrın 6-da İtaliyanın paytaxtı Romaya çatacaq. Daha sonra 10 001 məşəlçi İtaliya daxilində 12 000 km yol qət edəcək.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunları 2026-cı ilin fevralın 6-dan 22-dək Milan və Kortina d Ampetsoda keçiriləcək.