BAKI, 10 aprel. TEIEQFRAF

“Daha öncə də qalib olmuşdum. Amma burada qaçmaq və birinci olmaq mənə daha xoş hisslər bəxş etdi”.

Bu sözləri Teleqraf-a açıqlamasında Qəbələ - Xankəndi ultramarafonunda birinci mərhələsində Qəbələ - Ağdaş marşrutu üzrə finişə ilk çatan Üzeyir Söylemez deyib.

Türkiyəli idmançı yarışda iştirak etməkdən məmnun olduğunu bildirib: “Gözəl yarış keçdi. Öz ölkəmə gəlmiş kimi hiss etdim. Çünki iki dövlət, bir millətik. Burada 44 günlük Vətən müharibəsininn izini görmək daha məmnuniyyət verdi. Yol boyunca hər yerdə şəhid fotolarını görmək bizi duyğulandırdı. Çünki bu torpaqlarda çox qan töküldü, çox insan üzüldü. Bu gözəl yerlərin Azərbaycan xalqında qalması məni ayrıca xoşbəxt etdi”.

Söylemez daha əvvəl də Azərbaycanda bir çox marafonlarda yarışdığını qeyd edib, yarışın yüksək səviyyədə təşkilindən razı qaldığını dilə gətirib: “Daha əvvəl, Bakıda 100 km-lik məsafəni, eləcə də Gəncədəki marafonu qazanmışam. Buralara təkrar gəlmək istərdim. Dəstək çox yüksək səviyyədə idi. Sabah daha uzun məsafə var. Çox yorulmadım. Çünki milli idmançıyam. Bizim üçün bunlar normal məsafələrdir. Burada qaçmaq mənim üçün anlamlı oldu. Sabah daha sürətli olacaq, 65 kilometrlik məsafə var. Bizə dəstək olan Azərbaycan Atletika Federasiyasına, Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm. Gözəl yerlərdə qaldıq”.

Qeyd edək ki, ilkin mərhələdə 81 atlet Qəbələdən Ağdaşadək 55 km məsafəni qaçıb.