
XANKƏNDİ, 13 aprel. TELEQRFAF
“Marafona növbəti mövsüm yenidən qatılmağı düşünürəm. Həmçinin, daha çox adamın bu yarışa qatılmasını istərdim. Təşkilatçılıq çox yüksək səviyyədə idi, Azərbaycan xalqı bizi çox yaxşı qarşıladı”.
Teleqraf xəbər verir ki, bu sözləri Qəbələ-Xankəndi Ultramarafonunun sonuncu günündə ikinci yeri tutan türkiyəli atlet Üzeyir Söylemez jurnalistlərə açıqlamasında deyib.
Ümumi marafonun qızıl medalçısı marafonda ikinci dəfə iştirakından və təşkilatçılıqdan məmnunluğunu bildirib: “Yarış çox gözəl keçdi. Növbəti həftə daha bir önəmli yarışım var. Azərbaycandan dəvət aldım, bura mənim üçün önəmli yer olduğuna görə, məmnuniyyətlə dəvəti qəbul edərək gəldim. Bura gəldikdə şəhid məzarlarını görüb duyğulandım, ruhları şad olsun. İlk üç mərhələni mən, sonuncunu isə Ömər qardaşım qazandı.
Son gündə qısa məsafəyə qaçış idi. Çempionluğu təmin etdiyim üçün son gündə əyləndim, çempionluğu dostumla birgə paylaşmaq istədim. Sona ilk iki yerdə gəldik. Xoşbəxt gəldim, ölkəmə xoşbəxt qayıdıram. Ümumi sıralamada birinciyəm. Son mərhələ stressli yarış idi, məşq kimi keçdi. Qələbəmdən çox məmnunam”.
Türkiyəli atlet növbəti mövsüm daha böyük yarışların təşkil edilməsi ilə bağlı istəyini də dilə gətirib: “Dünya Azərbaycandakı gözəllikləri görməlidir. Düzü, marafonun belə yüksək səviyyədə keçəcəyinə inanmırdım. Çox gözəl, təbii yerlərdir. Nə yaxşı ki, torpaqlarınızı geri qaytardınız. Ümid edirəm, Azərbaycan daha yaxşı yerlərə gələr”.