BAKI, 14 aprel. TELEQRAF

“Ardıcıl üçüncü dəfə Avropa çempionu adını qazanmaq gözəl hissdir. Təbii ki, bununla kifayətlənməyəcəyəm”.

Teleqraf xəbər verir ki, bu sözləri Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Həsrət Cəfərov Heydər Əliyev Beynəlxalq aeroportunda jurnalistlərə açıqlamasında deyib.

23 yaşlı idmançı 67 kq çəki dərəcəsində üçüncü dəfə Avropa çempionu olmasından şərəf duyduğunu bildirib: "Qarşıda bizi dünya çempionatı gözləyir. Həmin turnirdə də uğurlu olmaq istəyirəm. Çox sevincliyəm. Nihad Məmmədli və Rafiq Hüseynov üçqat Avropa çempionudur. Rafiq iki il öncə üçüncü dəfə Avropa çempionu oldu. Yunan-Roma güləşində ən çox Avropa çempionu olanlar ikimizik. Bir həftə istirahət edəcəyik. Növbəti həftədən qarşıdan gələn dünya çempionatlna hazırlaşacağıq”.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi turnirdə 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.