BAKI, 16 noyabr. TELEQRAF
Rumıniya Qara dəniz regionda təhlükəsizlik və nəqliyyat əlaqələrinin inkişafı məsələlərini Azərbaycan, Ermənistan və Türkiyə ilə müzakirə etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Rumıniya xarici işlər naziri Dan Nekulesku Brüsseldə Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin görüşündən əvvəl açıqlama verib.verib.
Nazirin sözlərinə görə, Avropa İttifaqı Şurasının iclası başa çatdıqdan sonra Qara dəniz regionunda təhlükəsizliyin və nəqliyyat əlaqələrinin gücləndirilməsinə həsr olunmuş ayrıca nazirlər görüşü keçiriləcək. Görüşdə Türkiyə, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri iştirak edəcəklər.
“Yalnız nəqliyyat əlaqələrinin inkişafını deyil, həm də təhlükəsizlik məsələlərini müzakirə etmək vacibdir. Bunun böyük əhəmiyyəti var. Tərəfdaşlarımızın fikirlərini öyrənmək də bizim üçün çox vacibdir”, - o bildirib.
Nekulesku qeyd edib ki, Buxarest regional tərəfdaşlarla əməkdaşlığa xüsusi əhəmiyyət verir.
Rumıniya Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşün əsas müzakirə istiqamətlərindən biri Qara dənizdə gəmiçilik təhlükəsizliyinin təmin edilməsi və regional nəqliyyat əlaqələrinin inkişafı olacaq. Bununla yanaşı, Buxarest Qara Dəniz Təhlükəsizliyi Mərkəzinin fəaliyyətə başlamasının sürətləndirilməsini dəstəkləyir. Avropa Komissiyası bu istiqamətdə Rumıniya və Bolqarıstana 50 milyon avro vəsait ayırmağı öhdəsinə götürüb.