BAKI, 16 noyabr. TELEQRAF

Bakıda 27 noyabr – 11 dekabr tarixlərində 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyası tərəfindən birgə təşkil edilir. Yarmarka Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək.

Bal yarmarkasında növbəlilik prinsipi əsasında ilk olaraq qeydiyyatdan keçmiş, 2026-cı il sentyabrın 1-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində təsərrüfatında ən azı 40 arı ailəsi olduğunu bəyan etmiş 52 rayondan 300-ə yaxın arıçı fermer iştirak edəcək.

Yarmarkada iştirak ödənişsizdir və hər fermer ən çoxu 450 kq bal (qablaşdırma daxil olmaqla) və 30 ədəd arı şanı sata biləcək. Fermerlərə satış yeri, ləvazimat və marketinq dəstəyi veriləcək.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları baldan yerində nümunə götürüb laboratoriyada yoxlayacaq, yalnız keyfiyyət standartlarına cavab verən məhsullar yarmarkaya buraxılacaq.

Qeyd edək ki, yarmarkanın məqsədi yerli arıçıların satış imkanlarını genişləndirmək, istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqə yaratmaq və əhalinin keyfiyyətli yerli bala çıxışını təmin etməkdir.