BAKI, 16 noyabr. TELEQRAF

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Berlində fəaliyyət göstərən “Xarı-Bülbül” Azərbaycan Mədəniyyət Evinin nəzdindəki həftəsonu məktəbində növbəti dərslər 8 Noyabr - Zəfər Gününə həsr olunub.

Bu barədə Teleqraf-a Diasporla İş üzrə Dövlət Komitəsidən məlumat verilib.

Dərslər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Elgün Niftəli və “Xarı-Bülbül” Azərbaycan Mədəniyyət Evinin rəhbəri Sevda Badaliouri şagirdləri Zəfər Günü münasibətilə təbrik edib, onlara təhsillərində uğurlar arzulayıblar.

Müəllim Pərvanə Aslanova Vətən müharibəsində qazanılan tarixi qələbənin əhəmiyyəti, şəhidlərimizin qəhrəmanlığı və qazilərimizin fədakarlığı barədə şagirdlərə geniş məlumat verib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan şanlı Zəfərin hər bir azərbaycanlıda sonsuz qürur və iftixar hissi yaratdığını bildirib.

Bundan əlavə, müəllim Səma Kərimlinin rəhbərliyi ilə uşaqlar Zəfər Gününə həsr olunan rəsm və əl işləri hazırlayıblar. Dərslərdə, həmçinin vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib.

Qeyd olunub ki, bu cür maarifləndirici dərslərin əsas məqsədi xaricdə yaşayan gənc nəslə milli-mənəvi dəyərlərimizi və tariximizi aşılamaq, doğma dilimizi və mədəniyyətimizi yaşatmaqdır.