BAKI, 2 aprel. TELEQRAF
Sabah futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ” “Sabah”ı qəbul edəcək. Bu iki komandanın çempionluq uğrunda mübarizəsi kubokdakı qarşılaşmaya da olan marağı artırır.
Qarşılaşmanı idarə edəcək baş hakimin də adı bəllidir. AFFA sözügedən oyuna son həftələrdə adı qalmaqallı qərarlarla yanaşı çəkilən FİFA referisi Rauf Cabbarovu göndərir.
Maraqlıdır ki, bu qalmaqallarda ən çox Rauf Cabbarov daha çox “Sabah”ın xeyrinə və ya onun əsas rəqibi “Qarabağ” əleyhinə qərar verməsi ilə gündəmə gəlib.
Məsələn, Premyer Liqasının 20-ci turunun “Qəbələ” – “Sabah” matçının 87-ci dəqiqəsində top cərimə meydançasında “Sabah” komandasının iki futbolçusunun əlinə dəysə də, VAR epizoda təxminən 10 dəqiqəyə yaxın baxıb. Sonradan qarşılaşmanın baş hakimi Rauf Cabbarov monitora dəvət edilib və qaydalar çərçivəsində vurulan qol qeydə alınmayıb.
25-ci turda isə “Kəpəz” – “Qarabağ” matçında Ağdam təmsilçisinin penaltisi təyin edilməyib. Qarşılaşmanın baş hakimi Əli Əliyev olsa da, VAR-da Rauf Cabbarov əyləşib. Nəticədə epizoda baxıldıqdan sonra Gəncə təmsilçisinin qapısına penalti təyin edilməməsinə dair qalmaqallı qərar çıxarılıb.
Hansı ki, bu qərar çox vaxt narazılığını dilə gətirməyən Qurban Qurbanovu da özündən çıxarmışdı.
Düzdü, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov hakimləri bu qərarda haqlı çıxarıb. Amma futbol ictimaiyyəti ona qədər görünən kəndə bələdçi axtarmağın lazım olmadığı qənaətinə çoxdan gəlmiş, komitə sədrinin şərhinə gülüb keçmişdi...
Teleqraf Rauf Cabbarov – “Sabah”la bağlı maraqlı statistika əldə edib.
Maraqlıdır ki, Rauf Cabbarov 2024/2025-ci il mövsümündə “Sabah”ın cəmi bir matçında fit çalıb. Bu da həmin mövsümün 29-cu turunda “Kəpəz”lə keçirilən oyundur. Ötən mövsüm çempionluq iddiası olmayan “Sabah” bu qarşılaşmada 0:1 hesabı ilə uduzmuş, çempionatı isə yekunda 5-ci pillədə başa vurmuşdu.
Bu mövsüm isə “Sabah” çempionluq iddiasını açıq-aşkar ortaya qoyub və turnir cədvəlində “Qarabağ”ı bir oyun çox keçirməklə 10 xal qabaqlayır. Masazır təmsilçisi bu üstünlüyü demək olar ki, son turlarda qazanıb.
Maraqlısı isə odur ki, Rauf Cabbarov bu mövsüm 17-ci tura qədər “Sabah”ın bir dənə də olsun oyununda təyinat almayıb. 17-ci turdan 24-cü tura qədər isə Rauf Cabbarov “Sabah”ın üç matçında əsas söz sahibi olub. Bunlardan biri “Sabah” - “Karvan” (4:1), digəri “Qəbələ” (0:1) ilə səfər matçına, hansı ki meydan sahiblərinin qolu sayılmamışdı, o biri isə “İmişli” (0:5) səfərinə təsadüf edib.
Göründüyü kimi, hər üçün qarşılaşma autsayderlərlə matçlara təsadüf edib. Çempionluğa oynayan komanda üçün ən ağır nəticə təbii ki, autsayderlərlə matçda itirilən xallardır. Məsələn, “Qarabağ” İmişlinin bərbad stadionunda çətin səfər matçı keçirmiş, son anda qələbə qazanmağa nail olmuşdu.
İndi belə olan halda doğrudan da şübhə yaranır: Görəsən, Rauf Cabbarov məhz stadion və çətin səfər amilinə görəmi “Sabah”ın matçına bilərəkdən təyin edilmişdi? Və ya necə oldu ki, 17 tur ərzində bir dəfə də olsun “Sabah”ın matçında görünməyən Rauf Cabbarov sonrakı turlarda Masazır təsmilçisinin oyunlarına ardıcıl təyinatlar aldı?
AFFA nədənsə bu kimi məqamları nəzərə almayaraq, “Qarabağ”ın da narazılığını bildiyi halda yenidən kubokdakı mərkəzi matça məhz Rauf Cabbarovu göndərib.
Təbii ki, qeyd edilən məqamlar və statistika araşdırılmalı məsələdir. Ən azından ortadakı, futbol ictimaiyyətindəki şübhəni aradan qaldırmaq üçün…
Bir də ki, Rauf Cabbarov adının “Sabah”la hallandığını bilirsə, qarşılaşmanı hansı psixologiya ilə idarə edəcək? AFFA bunu nəzərə alaraq, matçın baş hakimini dəyişməlidir. Əgər doğrudan da ortada bir tapşırıq, göstəriş yoxdursa…
Azərbaycan futbolunda “Tapşırıq ola bilməz!” deyənlərə son olaraq “Neftçi” – “Qarabağ” matçının necə təxirə salındığını xatırlada bilərəm…