QƏBƏLƏ, 5 mart. TELEQRAF
“Təəssüf ki, futbolçularım qəhrəmanlıq göstərsə də, növbəti mərhələyə yüksələ bilmədik. Mən futbolçu olanda da, məşqçi olanda da belə oyunlardan sonra gecə yata bilmirəm. Təəssüf ki, bu gün bizdə alınmadı”.
Teleqraf xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sabah”a məğlub olaraq mübarizəni dayandırdıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib:
“Çox maraqlı oyun oldu. Kifayət qədər epizodlar oldu. Futbolçularıma təşəkkür edirəm. Hər mənada çox şey göstərdilər. Belə oyunlar çempionatda nə qədər çox olsa, səviyyə artar. Premyer Liqaya qalxanda demişdim ki, çempionatın səviyyəsi getdikcə artır. Ümid edirəm, millinin də səviyyəsi qalxar. Təəssüf ki, yarımfinala yüksəlmədik. Çempionatda davam edəcəyik".
Baş məşqçi əlavə edib ki, qapı xəttində rəqabət var: "Səlahət Ağayevin oyunu son iki dəfə yaxşı alınmışdı. Ona görə ona şans verdik. Güman edirdim ki, penaltilər seriyasında yaxşı çıxış edəcəyik. Son iki çempionat oyununu nəzərə alsaq, bu oyunda belə gözləmirdim. Amma penaltilər məsələsi psixoloji məsələdir. Murad Musayev həmişə fərqli küncə vurur. Bu dəfə alınmadı. Mən özüm də onun vurduğu penaltiyə təəccübləndim. Məşqlərdə etdiklərini psixoloji səbəbdən bu gün icra edə bilmədilər. Bu, normaldır. Biz futbolçulardan öncədən soruşuruq ki, kim penaltini vurmaq istəyir. Yəni heç kəsi məcbur etmirik".
"Qəbələ"nin çalışdırıcısı sonda vurğulayıb ki, Balua çox vacib oyunçudur: "Qırmızı vərəqə epizodunu AFFA özü aydınlaşdırmalıdır. Mənə elə gəlir ki, oyun epizodundan öncə qayda pozuntusu vardı. Həm də istərdim araşdırsınlar. Hakimlərin yanaşması fərqli ola bilər. Onsuz da geriyə dönən deyilik. İstərdim ki, epizod araşdırılsın. Şəxsi düşüncəmə görə, İsmayılın üzünə zərbə vardı”.