BAKI, 13 oktyabr. TELEQRAF

Norveçin “Bude-Qlimt” klubunun qapıçısı Nikita Xaykin Rusiya futbol vətəndaşlığından imtina edib.

Teleqraf “Sport Baza” nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı "əlcək sahibi" FIFA sistemində ölkə olaraq Böyük Britaniyanı qeyd edib.

Rusiya əsilli futbolçu yaxın vaxtlarda idman vətəndaşlığını Norveçə dəyişməyi planlaşdırır. Xaykin dörd dəfə Rusiya yığmasının dəvətini rədd edib.

Qolkiper artıq norveç pasportu almaq üçün dil imtahanlarını uğurla verib və sənədlər ona sürətləndirilmiş qaydada hazırlanır.

Qeyd edək ki, 30 yaşlı Xaykinin hazırda Rusiya, İsrail və Böyük Britaniya pasportları var. O, Rusiya gənclər millisində iki oyun keçirib ki, bu da ona gələcəkdə başqa yığmanın heyətində çıxış etmək imkanı yaradır.