"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə Xorvatiya "Hayduk"u ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransı keçirib.
43 yaşlı mütəxəssis əvvəlcə matçı dəyərləndirib. O, hərəkətli və bərabər səviyyəli oyunun olduğunu bildirib: "Hər iki komanda bir-birinin səhvini gözləyirdi. Amma elə alındı ki, səhvi rəqib yaratdı və bundan faydalandıq. Bizim də bir neçə real hücumumuz oldu, amma onlardan istədiyimiz kimi istifadə edə bilmədik. "Hayduk" isə bir epizodda yaxşı kombinasiya qurdu və həmin hücumdan qol "çıxardı".
Sadıqov ümumən komandasının çıxışından razı qaldığını söyləyib: "Taktiki baxımdan futbolçular verdiyimiz tapşırıqları yerinə yetirdilər. Aydın məsələdir ki, mərhələnin taleyi cavab oyununda həll olunacaq".
Baş məşqçi bu matçın ötən mövsüm Xorvatiyanın digər təmsilçisi "Osiyek"ə qarşı keçirdikləri avrokubok qarşılaşmasını xatırlatdığını söyləyib: "Bəli, müəyyən oxşarlıqlar var. Keçən il də kifayət qədər qol epizodumuz olmuşdu, amma istifadə edə bilmədik. Osijek isə əlinə düşən imkanları dəyərləndirmişdi. Bu gün də bizdə fürsətlər oldu, amma son nöqtəni qoya bilmədik".
Mətbuat konfransında suallardan biri bu olub: Xarici mütəxəssislər Zirəni mərhələ keçə biləcək komanda kimi dəyərləndirirlər. Bununla razısınız?"
Sadıqovun cavabı isə belə olub: "Futboldur, burada kimin üstün, kimin zəif olduğu cavab oyununda və ümumi nəticəyə əsasən bəlli olacaq. Hələ heç nə bitməyib. Biz də əlimizdən gələni edəcəyik ki, mərhələni keçən tərəf biz olaq".
Qeyd edək ki, cavab görüşü iyulun 31-də Split şəhərindəki "Polyud" stadionunda olacaq.