“Gecikdiyimiz üçün üzr istəyirik”.
Teleqraf xəbər verir ki, bunu Yunanıstan təmsilçisi “Aris”in baş məşqçisi Marinos Uzunidis Bakıda “Araz-Naxçıvan”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
Tədbirə nəzərdə tutulduğu vaxtdan 20 dəqiqə gec gələn 57 yaşlı mütəxəssis vacib oyuna çıxacaqlarını bildirib: “Bu gün məşq edəcəyik. Artıq sabah vacib görüşümüz var. Biz də həmin oyuna hazırlaşacağıq”.
O, Bakıya daha əvvəl də səfər etdiklərini xatırladıb: “Qəbələ”yə qarşı oynamışdıq. Sabah bizi çətin oyun gözləyir. “Araz-Naxçıvan”ın ötən mövsümdən bir neçə və builki yoldaşlıq oyunlarından ikisini izləmişik. Əlimizdən gələni edərək, növbəti mərhələyə vəsiqə qazanmağa çalışacağıq”.
Uzunidis “Araz-Naxçıvanla” oyun üçün heyəti müəyyənləşdirdiyini vurğulayıb: “Daha çox təcrübəsi olan oyunçulara üstünlük verəcəyik. Amma kim oynasa, 100 faiz meydanda gücünü göstərməlidir. O demək deyil ki, hamı 90 dəqiqə oynamalıdır. Kim nə qədər meydanda olsa, tam gücünü qoymalıdır. Oyunun gedişatına baxaraq dəyişiklər edəcəyik. Heyətin böyük hissəsini müəyyənləşdirmişik, amma yekun olaraq gün sonunda qərar verəcəyik”.
Yunanıstanlı baş məşqçi “Araz-Naxçıvan” barədə lazım olan məlumatları əldə etdiyini söyləyib: “Onların yoxlama oyunlarını da izləmişəm. Düzdür, qapalı keçirildi, amma indiki vaxtda nə istəsən, axtarıb tapmaq olur”.
O, “Qarabağ”ın çıxışlarını izlədiyini də deyib: “Neftçi”ni də tanıyıram. Hər il klublarınızın səviyyəsi artır. 15-20 il əvvəllə müqayisədə əcnəbi oyunçular çoxalıb, bu da çempionata öz təsirini göstərir. Həm də “Araz-Naxçıvan” barədə də bunu demək olar. Komanda ilk mövsümdür avrokuboklarda çıxış edir. Elmar Baxşıyev yaxşı işlər görüb. Rəqib dissiplinlidir. Onları müdafiə baxımından xüsusi qeyd edərdim. Biz isə dominant futbol oynayırıq. Ona görə də bir az fərqli komandayıq”.
Qeyd edək ki, “Araz-Naxçıvan” və “Aris” arasında ilk görüş iyulun 24-də "Dalğa Arena"da keçiriləcək. Matçın start fiti saat 20:00-da səslənəcək.