BAKI, 13 aprel. TELEQRAF

"Neftçi" yaratdığı ilk iki epizoddan yararlandı".

Teleqraf xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə Azərbaycan Premyer Liqasının XXX turunda "Neftçi"ni 4:2 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis futbolçularının özündə güc taparaq təslim olmadıqlarını bildirib: "Oyun bizim üçün olduqca çətin başladı. "Neftçi" yaratdığı ilk iki epizoddan yararlandı. Bu dəqiqələrdə toparlanıb, oyunu davam etmək çətin idi. Futbolçular özlərində güc tapıb, təslim olmadılar. Sona qədər mübarizə apardılar. 4 qol vurduq, məğlub da ola bilərdik. İkinci hissəyə fəal başladıq. Vacib üç xal qazandıq. Artıq qarşıdakı oyunlara baxmalıyıq. "Sumqayıt"a qarşı vacib oyun bizi gölzəyir".

Rəşad Sadıqov mətbuatda uğurlarının qabardılmaması barədə söz açıb: "Məşqçiliyə başladıqdan, ikinci sezondan sonra mediadan və sosial şəbəkələrdən maksimum uzaqlaşmışam. Mənfi və müsbət fikirləri izləmirəm. İşimizi onun üzərində qurmamışıq ki, kimsə tərifləsin. Tərifə layiq olsaq, tərifləyəcəklər. Ola bilər ki, məndən gözləntilər çoxdur. Bunu anlayışla qarşılayıram. İkinci yerlə aramızda 6 xallıq fərq var. Amma qəti düşünmürəm ki, üstünlüyümüz var, hər şeyi həll etmişik. 6 kritik oyunumuz var. UEFA Konfrans Liqasının oyununun nə vaxt olduğunu bilmirəm. Ora vəsiqə qazanmayana qədər baxmayacam. Məni düşündürən "Sumqayıt"la oyundur.

O, komandasının daha yaxşı çıxış edə biləcəyini deyib: "Futbolçu olaraq da, heç vaxt özümdən razı olmamışam. Həmişə düşünmüşəm ki, daha yaxşısını edə bilərəm. Rəqib bu gün fərqləndi, iki qol buraxdıq, bunun üzərində düşünəcəm. Samir Abasovun gəlişindən sonra komandası etibarlı müdafiə olunur. Yəqin oyunçular 100 faiz oyuna köklənməmişdi ki, iki qol buraxdıq. "Zirə" yaxşıdır, amma bu bizə kifayət edir kimi fikirləşmirəm. Bunu düşünsəm, geri addımlayarıq".

Baş məşqçi iki qol buraxdıqdan sonra geridönüş etmələri barədə danışıb: "33 illik futbol təcrübəm var, bu tip oyunlar bizim liqada, digər liqalarda çox olub. "Qarabağ"la görüşdə də 0:2 uduzurduq, sonda qalib gəldik. Əsas səbəbi nədə görürəm? Rəqibin pressinqinə hazırlaşmışdıq. 0:2-dən sonra da yaxşı oynamırdıq. Rəqabətli oyun idi. Hissənin sonlarında pressinq tətbiq edərək topu ələ keçirib, penalti qazandıq. Hücum potensialını artırmağa başladıq. Rəqib 3:0 qalib də gələ bilərdi. Bu, futbolun bir hissəsidir. Əsas üstünlüyümüz "Neftçi"nin çoxsaylı itkilərinin olması idi. İkinci hissədə ehtiyat qüvvəmiz onlardan daha geniş idi. Burada 1:2 hesabı ilə uduzduğumuz oyunda Samir Abasovun ehtiyat qüvvəsi var idi. İkinci hissədə daha riskli oynayırdıq. İkinci qoldan sonra isə pauza götürdük".