​BAKI, 15 aprel. TELEQRAF

"Zəngəzur dəhlizinin açılmasını istəməyənlər bilir ki, o Turan yoludur".

Teleqraf xəbər verir ki, bunu deputat Erkin Qədirli Milli Məclisdə keçirilən TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclasında deyib.

O bildirib ki, bəziləri qapalı görüşlərdə bunu açıq deyirlər:

"Tarixə baxdıqda "İpək Yolu"nun təhlükəsizliyini də türklər qoruyub. Hansısa beynəlxalq təşkilat bundan məsul olmayıb. Türk dövlətlərinin geopolitik önəmini azaltmaq üçün müxtəlif addımlara əl atırlar. Zəngəzur dəhlizinin açılmasını əngəlləyən dövlətlər Ermənistandan qat-qat güclüdür. Bizim ortaq tariximizi zaman-zaman bizdən asılı olmayan səbəblərdən arakəsmələrlə inkişaf edib. Təhlükəsizlik duyumumuz başqa inkişaf meyarlarından güclü olub. Hər zaman müstəqillik və təhlükəsizlik bizim üçün əsas dəyərdir. Bunun da yan təsiri olub. Bu iki məhfumu o qədər üstün tutmuşuq ki, bəzi sahələrdə geri qalmışıq".