
BAKI, 15 aprel. TELEQRAF
Sülh sazişinin imzalanması kontekstində Azərbaycan Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer aldığını bəyan edir.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Hesab edirəm ki, bu məsələdə düzgün mövqe tutmaq, Azərbaycanın bu məsələni sülh sazişini imzalamamaq üçün bəhanə kimi yox, səmimi narahatlıq kimi qaldırması ehtimalından çıxış etməyə çalışmaq lazımdır. Biz özümüz problemin mahiyyətini, siyasi və hüquqi məzmununu vicdanla dərk etməliyik. Buna görə də bildirməliyik ki, yalnız Ermənistan Konstitusiya Məhkəməsi Ermənistan konstitusiyasının mətninin rəsmi şərhini verə bilər, yəni Konstitusiya Məhkəməsi Ermənistan konstitusiyasında nələrin olduğunu və nələrin olmadığını rəsmi şəkildə deyə bilən orqandır”, - baş nazir qeyd edib.
Həmçinin Nikol Paşinyan əlavə edib: “Azərbaycanın konstitusiyamızla bağlı mövqeyinin bəhanə deyil, səmimi narahatlıq olduğunu qəbul etsək, o narahatlığı aradan qaldırmağın ən təsirli yolu müqaviləni imzalamamaq yox, imzalamaqdır”.
Ermənistan baş naziri iddia edib ki, sülh müqaviləsi imzalansa, narahatlıqlar aradan qalxacaq.
Xatırladaq ki, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasının dəyişdirilməsi sülh sazişinin imzalanması üçün rəsmi Bakının əsas şərtidir.