TBİLİSİ, 15 aprel. TELEQRAF

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) ölkə konstitusiyasına zidd elan edilməsi prosesini təxirə salıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, VMHP-nin bu ilin oktyabrında keçiriləcək yerli seçkilərdə iştirakına imkan veriləcək.

“Konstitusiya məhkəməsinə müraciət seçkilərdən dərhal sonra təqdim olunacaq. Yerli idarəetmə orqanlarına keçiriləcək seçkilərdə gürcü xalqı agent partiyalara layiqli cavab verməlidir. Daha sonra biz faktlara əsaslanan iddia hazırlayacağıq və həmin faktlar “kollektiv Milli Hərəkat”ın qadağan edilməsi üçün əsas olacaq”, - M.Mdinaradze söyləyib.

Qeyd edək ki, VMHP-ni 2001-ci ildə Mixeil Saakaşvili təsis edib. Partiya 2004-2012-ci illərdə Gürcüstanın hakim partiyası olub. Partiya və onun ətrafındakı siyasi birliklərin ləğvi üçün əsas olacaq faktları Gürcüstan parlamentində yaradılmış xüsusi istintaq komissiyası təqdim edəcək.