BAKI, 15 aprel. TELEQRAF

2024-cü ilin sonunda ipoteka portfeli 0.6 mlrd. manat artaraq 4.25 mlrd.manata çatıb.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, ötən ilin sonuna olan statistik göstəricilərə əsasən, Azərbaycanda kreditləşmə sahəsində müsbət dinamika davam edir.

Ölkədə ipoteka, biznes və istehlak kreditləri üzrə portfellərdə əhəmiyyətli artım müşahidə olunub.

2023-cü ilin sonu ilə müqayisədə biznes kreditləri 2.2 mlrd. manat artaraq 14.8 mlrd. manat təşkil edib. İpoteka kredit portfeli üzrə artımın 44%-i (272 mln. manat) dövlət vəsaiti hesabına verilən kreditlər, 56%-i (344 mln. manat) isə bankların daxili vəsaiti hesabına formalaşıb. Dövr ərzində istehlak kreditləri portfeli isə 1.51 mlrd. manat artaraq 8.44 mlrd. manat təşkil edib.

Biznes, istehlak o cümlədən ipoteka portfeli üzrə kreditləşmədə artım dinamikası müşahidə edilir. İstehlak kreditləşməsi üzrə requlyativ çərçivənin sərtləşdirilməsi nəticəsində portfelin artım dinamikasında 2022-ci ildən başlayaraq azalma meyilləri nəzərə çarpsa da, son 3 ildə portfelin illik artım tempi ortalama 23% təşkil edib. (tənzimləyici çərçivəyə dəyişikliklərdən öncə istehlak portfeli üzrə illik artım tempi 32% olub). Əvvəlki ilin sonu ilə müqayisədə biznes kreditləri 17%, istehlak kreditləri 22%, ipoteka kreditləri isə 17% artıb.