BAKI, 15 aprel. TELEQRAF

Almaniyanın "Bayer Leverkusen" klubunun futbolçusu Patrik Şik karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Teleqraf məşhur jurnalist Patrik Berqerə istinadən xəbər verir ki, çex hücumçu ilə "Mançester Yunayted" maraqlanır.

Mənbənin sözlərinə görə, “qırmızı şeytanlar” daha gənc forvardı heyətinə qatmağa üstünlük verir, lakin 29 yaşlı Şik də klubun qısa siyahısında yer alıb.

Şikin transferindən ötrü "Bayer"in təxminən 25-30 milyon avro tələb edəcəyi gözlənilir. Təcrübəli futbolçunun özü də Premyer Liqaya keçməyə müsbət yanaşır.

Qeyd edək ki, Patrik Şik 2020-ci ildən "Bayer Leverkusen"də forma geyinir. O, cari mövsüm ərzində meydana çıxdığı 40 oyunda 23 qol və 1 məhsuldar ötürmə müəllifi olub.