BAKI, 15 aprel. TELEQRAF

Biz uşaqları rəqəmsal platformaların təhlükələrindən qorumaq üçün həm onlara, həm də müəllimlərə təlimlər keçirik.

Teleqraf xəbər verir ki, bunu RTÜK-ün vitse-prezidenti Dəniz Gülər Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin yayım tənzimləyici orqanlarının Forumunun (BRAF) XI toplantısında jurnalistlərə açıqlamasında deyib.

"Uşaqlar təxminən günün 4 saatını rəqəmsal platformalarda keçirirlər və bu, olduqca uzun zamandır. Bu təhlükələrdən qorunmaq üçün nə qədər vaxt itirdiyimizin fərqində olmalıyıq. Bunu analiz edib, öyrənməliyik".

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyinin Baş katibinin birinci müavini Merve Safa Kavakçı da uşaqlarımızı sosial mediada mövcud olan təhlükələrdən qorumağın prioritet mövzu olduğunu diqqətə çatdırıb.

"Onlar bizim gələcəyimizdir. Bu istiqamətdə gördüyümüz işlər var. Gələcəyimiz olan uşaqları təhlükələrdən qorumaq üçün birgə çalışmalıyıq. Bu forumda onları cəmiyyətə faydalı biri olaraq yetişdirmək üçün dövlətlər səviyyəsində nələr edə bilərik sualına cavab tapmağa çalışacağıq".