BAKI, 15 aprel. TELEQRAF

"Azərbaycan torpaqlarının 20 faizi işğal edildi, 1 milyona yaxın insan qaçqın və məcburi köçkün düşdü. Xocalı faciəsi törədildi. Dünya bütün bunlara susdu".

Teleqraf xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komitəsinin sədri Hulusi Akar Milli Məclisdə keçirilən TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclasında deyib.

O bildirib ki, bu baxımdan, türk dövlətlərinin özündən başqa dəstəyi yoxdur:

"Biz birliyimizi gücləndirməliyik. Bundan sonrakı dövrdə yalnız Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi həll edilməmiş qalıb. Burada imzalanacaq sülh sazişi ölkələr üçün faydalı olacaq. Ona görə bunu dəstəkləyirik".

***

12:07

"Bu gün regionlarda gərginliklər atdığı, iqtisadi problemlərin yarandığı dönəmə gəlmişik".

Teleqraf xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisi Milli Müdafiə komitəsinin sədri Hulusi Akar deyib.

O bildirib ki, belə tədbirlərin qarşısının alınması olduqca vacibdir:

"Təhdidlər təkcə hərbi deyil, iqtisadi təlatümlər, iqlim dəyişiklikləri problemlər yaradıb. Türkiyə qlobal problemlərin həll olunmasında əsas rol oynamağa çalışır. Milli təhlükəsizliyin qorunması isə güclü ordudan asılıdır. Azərbaycanın Qarabağda əldə etdiyi uğur bunu bir daha təsdiq edir. Qarabağ zəfəri bütün dünya üçün örnək olub. Bu, Türk dünyası üçün qürurdur. Beynəlxalq təhdidlərə qarşı olmağa, iqtisadi problemlərə qarşı birgə çalışmalıyıq. Süni intellektin müdafiə sahəsindəki köməyindən istifadə etməliyik".

O bildirib ki, Şimali Kipr Türk Respublikasının tanınması Türk dövlətləri arasında əməkdaşlığı daha da gücləndirəcək.