BAKI, 14 aprel. TELEQRAF

Rusiyanın "Ximki" klubunun investoru Tufan Sadıqov futbolçulara olan borcları qaytaracaq.

Teleqraf xəbər verir ki, bu barədə azərbaycanlı iş adamı "Sport-Ekspress" saytına açıqlamasında deyib.

O, "Ximki"nin çətin maliyyə durumunda olmasına baxmayaraq, mövsümü bitirə biləcəyini söyləyib: "Çünki, bu, özəl klubdur. Aşağı diviziona düşməyəcəyik. Növbəti mövsüm də Rusiya Premyer Liqasında çıxış edəcəyik. Gələn mövsümün lisenziyalaşdırılmasına gəlincə, bununla məşğul olan klub rəhbərliyi var. Komanda reqlamentə görə bunu keçməlidir".

Tufan Sadıqov komandanın baş məşqçisi Frank Artiqanın futbolçuların maliyyə problemlərinə görə yorulması barədə dediklərini şərh etmək istəmədiyini vurğulayıb: "Bu onun fikridir. Yəqin yorulub, ona görə belə deyir. “Ximki”nin futbolçuları və məşqçilər heyəti ilə görüşüm olub. Onlar qarşısındakı bütün öhdəliklərin nə vaxt yerinə yetiriləcəyi ilə bağlı son tarixlər razılaşdırılıb. Aprelin 15-dən 30-dək onlara olan bütün borclar ödəniləcək".

Daha əvvəl Rusiya mətbuatında klubun 355 milyon rubl məbləğində borca görə 6 bankdakı hesabının bağlandığı barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, FIFA 2024-cü ilin dekabrında "Ximki"yə 2026-cı ilin yayına qədər transfer qadağası tətbiq edib.