BAKI, 15 aprel. TELEQRAF

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Dəqiq kənd təsərüfatında süni intellektin tətbiqi” layihəsinə start verilib.

Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə, layihənin əsas məqsədi aqrar sahədə süni intellektin tətbiqini təşviq etmək və bu istiqamətdə innovativ yanaşmaları stimullaşdırmaqdır. Layihəyə ölkənin müxtəlif bölgələrindən süni intellekt üzrə tədris aparılan təxminən 10 ali təhsil müəssisəsinin tələbələri və gənc tədqiqatçıları cəlb olunacaq.

Layihənin davamlılığını təmin etmək məqsədilə iştirakçılar, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təsərrüfatlarla əməkdaşlıq edən universitetlər tərəfindən müəyyən ediləcək.

İlkin mərhələdə innovativ təsərrüfatlar və ali təhsil müəssisələrinin seçilməsi, eləcə də kənd təsərrüfatının bitkiçilik, meyvəçilik, balıqçılıq, heyvandarlıq, bitki mühafizəsi kimi prioritet sahələri üzrə fəaliyyət göstərən özəl şirkətlərin iştirakı ilə vorkşoplar və infoturlar təşkil olunacaq. Bu tədbirlər universitetlərdə keçiriləcək və iştirakçılara süni intellektin aqrar sahəyə inteqrasiyası barədə geniş məlumat veriləcək.

Layihə çərçivəsində ilk vorkşop 16 aprel tarixində Bakı Dövlət Universitetində baş tutacaq. Tədbirdə kənd təsərrüfatı üzrə aparıcı şirkətlərin və innovativ təsərrüfat rəhbərlərinin iştirakı ilə avtomatlaşdırılmış sistemlər və süni intellektin tətbiqinə dair təqdimatlar təqdim olunacaq.

Vorkşop mərhələsindən sonra seçilmiş iri aqropark və müəssisələrdə infoturların keçirilməsi nəzərdə tutulur. Bu təcrübə mübadiləsi əsasında əldə olunan biliklər cari ilin 28-29 aprel tarixlərində Zəngilan rayonunun Ağalı kəndində təşkil olunacaq “Bootcamp”da praktik tətbiqini tapacaq.

“Bootcamp”ın əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə aqrar innovasiyaların təşviqi, gənclərin bu sahədə məlumatlılığının artırılması və maraqlı tərəflər arasında əməkdaşlığın gücləndirilməsidir. Tədbirdə iştirakçılar öz innovativ ideya və texnoloji həllərini təqdim edəcəklər.

Layihənin yekununda iştirakçı komandaların hazırladığı ağıllı həllər “18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı” Sərgisində nümayiş etdiriləcək.