
BAKI, 29 mart. TELEQRAF
"İndiyədək Azərbaycana elə legionerlər gətiriblər ki, onları dövlət müəssisəsinə də işə götürməzsən. Amma onları gətirə, çempionata sala biliblər".
Bunu Teleqraf-a açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu Qara Qarayev Premyer Liqada legioner limitinin ləğvi qərarına münasibət bildirərkən deyib.
Hazırda "Araz-Naxçıvan"da çıxış edən 33 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, qərarın hansı nəticələr doğuracağını görmək üçün sadəcə, gözləmək lazımdır: "Baxır hansı prizmadan soruşursunuz. AFFA tərəfindən soruşursunuzsa, tam haqlı, futbolçular tərəfindən soruşursunuzsa, tam haqsız qərardır. Media tərəfdən bir qrup dəstəkləyir, bir qrup isə yox. Buna görə də sadəcə, zamanı gözləmək lazımdır".
Qarayev bildirib ki, legioner limitinin ləğvi Azərbaycan millisinin nəticələrinə mənfi təsir göstərəcək: "Təcrübəmə dayanaraq deyirəm ki, millini gözdən çıxartmışıq. Limitin ləğvindən sonra millidən hansısa uğur gözləmək sadəlövhlük olar, gözləməməliyik. Biz futbolçu yetişdirmək üçün heç bir mexanizmi işə salmadıq. Bəlkə gələn mövsüm daha yaxşı çempionat olacaq, bəlkə daha pis olacaq. Keçən dəfə jurnalistlərin biri də deyirdi ki, bu mexanizmə kimin nəzarət edəcəyi vacibdir. Düşünməyin ki, legioner limitinin aradan qalxması hər şeyin üstündən xətt çəkəcək və biz fantastik olacağıq. Yox. Legioner limiti Qaraların, Ürfanların, Vadimlərin inkişaf etməsinin qarşısını alacaq. Sonra ayılacağıq ki, bizdə futbolçu yoxdur. Yenidən başlayacağıq. Onda da bizə 5-10 il vaxt lazım olacaq. Yenə kimisə xərcləyəcək, kiminsə üstünə gedəcək, millidə kimlər oynayırsa, onları tənbeh edəcəyik. Məncə, oturub soyuq başla fikirləşməlidirlər: Həm futbolçular, həm də bu qərarı verənlər".
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, 2025/2026 mövsümündən legioner limiti ləğv olunacaq. Əvəzində Premyer Liqada komanda sayı 10-dan 12-yə artırılacaq.