
BAKI, 27 mart. TELEQRAF
Azərbaycan milli komandasının futbolçusu Nəriman Axundzadə ilə bağlı Norveçin "Mölde" klubundan "Qarabağ"a rəsmi təklif olub.
Bu barədə Teleqraf-a Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, "Qarabağ" təkliflə əlaqədar şərtlərini qarşı tərəfə bildirib: "Bizim məktubumuzdan sonra hər hansı irəliləyiş, qarşı tərəfdən hansısa geridönüş olmayıb".
Menecer Tural Əsgərov isə Teleqraf-a bildirib ki, 21 yaşlı hücumçunun Norveç klubunda baxışda olduğuna dair xəbərlər ağ yalandır: "Düzdür, “Mölde” ilə müəyyən danışıqlar olub. Amma bunlar Nərimanın Norveçə səfəri mərhələsinə ümumiyyətlə, yaxınlaşmayıb”.
Əsgərov “Mölde” klubu ilə danışıqların çox gec başladığını diqqətə çatdırıb: "Norveçdə transfer pəncərəsi bu gün bağlanır. Düzdür, “Mölde”nin furbolçuya marağı vardı, amma bu təklif, “Qarabağ” və Nərimanla maliyyə şərtlərinin razılaşdırılma mərhələsinə uzağı 8 gün əvvəl başlayıb. Bu da belə işlər üçün çox az müddətdir. Çünki bir-birinə rəsmi təklif yazılır, sonra oyunçuya görə klublar arasında razılıq olur ki, bunlar da vaxt aparan işlərdir. Təəssüf ki, “Mölde” bu proseslərə çox gec start verdi. Bunun gerçəkləşməsi üçün kifayət qədər vaxtın olmadığını bilirdik. Ona görə də Nərimanın “Mölde”yə indi üçün keçid ehtimalı, demək olar, yox idi”.
Əsgərov gənc forvard üçün rəsmi təklifin gec göndərilməsinin səbəbini isə belə izah edib: “Güman ki, bu danışıqlar qiyməti öyrənmək, müəyyən münasibət qurmaq, yay üçün mümkün transferin bazasını yaratmaqdan ötrü olub. Yayda nə olacağından isə indidən danışmaq olmaz. Norveçdə növbəti transfer pəncərəsi iyulda açılacaq. Kifayət qədər vaxt var, ona qədər bir çox plan dəyişə bilər. Amma söhbət konkret bu gündən gedirsə, Nərimana “Mölde”nin marağı var idi, qarşı tərəf “Qarabağ”la danışıqlara keçmişdi. Təəssüf ki, danışıqlar tamamlanmamış bitdi. Çox güman ki, yayda davam edəcək. Amma bu gün üçün futbolçunun İsveçə getməsindən söhbət gedə bilməz. Nəriman mövsümü “Qarabağ”la tamamlayacaq”.
Menecer onu da bildirib ki, Axundzadəyə Birləşmiş Ərəb Əmirliklərindən də marağın olduğuna dair iddialardan xəbərsizdir: "Onlar və digər klublar maraqlanıblarsa belə, mənsiz maraq göstəriblər. Bildiyim yalnız "Mölde" idi".
Qeyd edək ki, Nəriman Axundzadə ötən yay “Qarabağ”la 2027-ci ilə qədər müqavilə imzalayıb.