
BAKI, 23 mart. TELEQRAF
"İlk oyunda qələbə qazanmaq hamımızı sevindirdi".
Teleqraf xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında Moldova yığması üzərində 2:0 hesablı qələbə qazandıqları yoldaşlıq görüşü barədə fikirlərini affa.az-a bölüşərkən deyib.
44 yaşlı mütəxəssis futbolçuları daha yaxından tanıya bildiyini söyləyib: "Düzdür, bəziləri birinci dəfə idi bir yerdə oynayırdılar. İnanıram ki, ilk toplanışımız xeyrimizə olacaq. İki gündən sonra da Şimali Makedoniya ilə qarşılaşacağıq. Qısa vaxtda oyunlar keçirmək çox önəmlidir. Qarşıdan gələn ardıcıl rəsmi matçlara hazır olmalıyıq".
Abbasov növbəti toplanışlara yeni oyunçuların dəvət olunacağını söyləyib: "Təbii ki, seleksiya işlərini davam etdirəcəyik. Növbəti toplanışa yeni oyunçular da dəvət olunacaq. Yayda baş tutacaq hazırlıq zamanı komanda olaraq daha çox artıracağımıza inanıram”.
Baş məşqçi futbolçuların klublarında daha çox oyun şansı əldə etmələrinin önəmindən bəhs edib: “Əlbəttə, bəzi çatışmazlıqlarımız var. Futbolçuların öz klublarında az oyun şansı əldə etmələrini Moldova ilə qarşılaşmanın sonlarında hiss etdik. Onlara da demişəm ki, klublarında müntəzəm oynamaq üçün öz üzərlərində çalışmalıdırlar. Rəqibin kimliyindən asılı olmayaraq, meydançada məğlubiyyətlə barışmaq olmaz. Komandamızın Moldova önündə sona kimi vuruşması bizi sevindirdi. Bunları növbəti matçlarda da görmək istəyirik”.