
BAKI, 18 mart. TELEQRAF
"Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumu beynəlxalq ictimaiyyətin diqqət mərkəzində oldu. Dünyada qeyri-sabitlik və qarşıdurma ocaqlarının artdığı və Avrasiya miqyaslı geosiyasi dəyişikliklərin baş verdiyi bir zamanda Qlobal Bakı Forumunun əhəmiyyəti olduqca böyükdür. Qlobal əhəmiyyət kəsb edən beynəlxalq məsələlərin həlli Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və uzun illər dövlət və hökumət başçıları, xarici işlər nazirləri kimi yüksək vəzifələrdə çalışmış iştirakçılarının təcrübəsinə və biliyinə əsaslanan çağırışların edilməsi təsirlidir".
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin Hesablayıcı komissiyanın sədri, professor Eldar Quliyev deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxışında vacib məsələlərdən bəhs edib: “Ölkəmizin başçısı çıxışında qlobal miqyasda artan təhdidlərdən, yaranmış yeni situasiyalardan bəhs edib. Azərbaycanın Cənubi Qafqazda yaratmış olduğu yeni reallıq, Ermənistanın 30 illik işğal siyasəti, erməni lobbisinin beynəlxalq miqyasda ölkəmizə qarşı apardığı təbliğat kampaniyasına diqqət çəkilib. Həmçinin bir çox ölkələrin parlamentarilərinin, rəsmi şəxslərinin erməni diasporasının dəstəyi ilə Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirildiyi vurğulanıb. Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunda həmçinin Ermənistanın Azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirməsi faktını da diqqətə çatdırıb. Dövlət başçısı Ermənistanın soyqırım siyasətinin nəticəsində Xocalıda 613 insan - 100-dən artıq qadın, o cümlədən 60 uşağın qətlə yetirildiyini söyləyib. Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazda sülh qurmaq niyyətindən bəhs edilib. Prezident bildirib ki, “Azərbaycan sülh prosesinə bağlıdır və əslində, həmin sülh müqaviləsinin müəllifidir. Sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar bəndlərin artıq əksər hissəsi razılaşdırılıb”.
Deputat, həmçinin Qlobal Bakı Forumunun uzun illər ərzində qlobal miqyasda aparıcı beynəlxalq konfranslardan birinə çevrildiyini vurğulayıb: "Bu qlobal tədbirdə hazırkı və keçmiş dövlət və hökumət başçıları, Nobel mükafatı laureatları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətləri də daxil olmaqla, 400-dən çox nümayəndə iştirak edib. Forumda eyni zamanda Albaniya Prezidenti Bayram Beqay, Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova və Monteneqro Prezidenti Yakov Milatoviç də iştirak etməklə təklif və müsajlarını çatdırıb. Sözsüz ki, Forumda müzakirəyə çıxarılan mövzular qlobal xarakter daşımaqla yanaşı beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub. Yeni şərtlərin və təsirlərin meydana çıxdığı, münaqişə ocaqlarının, müharibələrin artdığı dövrdə Bakıdan verilən mesajlar mühüm əhəmiyyət kəsb edir. Qlobal Bakı Forumunda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”, “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” və “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” mövzularında təşkil edilən panellərin müzakirə edilən məsələlərin əhatə dairəsinin genişliyini göstərir. Forumda həmçinin sülhə, əməkdaşlığa öz töhfəsini verən şəxslərə 2025-ci il “Nizami Gəncəvi” Beynəlxalq Mükafatı təqdim olunub. “Sülhə gedən yol”, “Yeni dünya nizamında orta güclər” və “Sülh - münaqişə sonrası yenidənqurma və regional sabitliyin yenidən bərpası” mövzularında panellərlə yanaşı, Yaxın Şərq və Ukrayna-Avropa Birliyi məsələlərinə həsr olunmuş nahar sessiyalarında da vacib məsələlər müzakirəyə çıxarılıb. “COP29: Belem üçün sıçrayış- Transformasiyanın sürətləndirilməsi” və “Avropanın gələcəyi” sessiyaları Qlobal Forumun panellərinin əhatə etdiyi mövzular sırasında olub. Yeni texnologiyalar, gender və təhlükəsizlik, iqlim dəyişikliyinin təsiri, qlobal səhiyyə böhranları və onların həlli yolları da forumda müzakirəyə çıxarılıb. “Yeni dünya üçün yeni texnologiyalar”, “Gender-Təhlükəsizlik-İqlim bağlantısı” və “Qlobal səhiyyə böhranı: Hazırlıq və bərabərlikdə yeni cəbhələr” panelləri vacib mövzulara həsr edilib. “Gənclər danışsın, biz dinləyək” paneli bu xüsusda seçilən dialoq çərçivəsində maraqla qarşılanıb”.
Eldar Quliyev hesab edir ki, Prezident İlham Əliyevin 2012-ci ildəki sərəncamı ilə təsis edilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu gün qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm təsisata çevrilib: “Mərkəzin təşkil etdiyi tədbirlərə maraq böyükdür. Azərbaycanın ev sahibliyi ilə keçirilən qlobal tədbirlər və onun iştirakçılarının sayının artması ölkəmizə olan diqqətin nəticəsidir. Bu baxımdan da XII Qlobal Bakı Forumunda aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə edilib. Bakı Forumu həmçinin sülh, təhlükəsizlik və dayanıqlı inkişaf mövzularında qlobal dialoqa və əməkdaşlığa töhfə verməyə nail olub. Forumun Bakıda keçirilməsi, Azərbaycanın strateji rolu və beynəlxalq arenadakı mövqeyi ilə izah olunur. Çünki Bakı Forumu artıq beynəlxalq ictimaiyyəti maraqlandıran məsələlərin həlli yollarını araşdıran və bu istiqamətdə müzakirələr apara bilən müstəqil beynəlxalq platformaya çevrilib. Bu bir reallıqdır ki, 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Qələbə, ərazi bütövlüyü və suverenliyimizin bərpası Azərbaycanın regional və qlobal miqyasda roluna və mövqeyini daha da gücləndirib”.