
BAKI, 18 mart. TELEQRAF
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində yerləşən dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yeni inşa edilən körpü bu gün vətəndaşların istifadəsinə verilib.
Teleqraf xəbər verir ki, tikinti işləri 2024-cü ilin dekabr ayında başlanılıb və cəmi 3 ay ərzində, Novruz bayramı ərəfəsində yüksək keyfiyyətlə tamamlanıb.
Yeni körpü mühüm nəqliyyat əhəmiyyətinə malik olmaqla, Sumqayıt–Saray yolunda hərəkət intensivliyinin və təhlükəsizliyin artmasına mühüm töhfə verəcək. Layihə çərçivəsində əvvəlki, qəzalı vəziyyətdə olan 2 hərəkət zolaqlı körpü tamamilə sökülərək, əvəzinə 4 hərəkət zolaqlı, 104 metr uzunluğunda və 21.6 metr enində müasir körpü inşa edilib. Körpünün hər iki tərəfində piyada səkiləri də salınıb.
Qeyd edək ki, körpü 4 dayaq üzərində qurulub və orta dayaqlarda diametri 1.5 metr olan 6 sütun yerləşdirilib. Ümumilikdə 12 sütundan ibarət olan körpü 80 svay üzərində inşa olunub. Svayların uzunluğu 14 metr, diametri isə 1 metr təşkil edir.