
BAKI, 18 mart. TELEQRAF
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri Məleykə Abbaszadənin AYB üzvlərinin Azərbaycan dilindən imtahan verməsi təklifindən xəbərsiz olduğunu bildirib.
Çingiz Abdullayev Teleqraf-a açıqlamasında bu sözləri deyib: “Bilmirəm, mənim bu haqda xəbərim yoxdur, məlumatlı deyiləm. Nə deyim, bilmirəm... Əlavə heç nə demək istəmirəm. Bunun üçün Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcidə zəng edin, o sizin sualınıza ətraflı cavab verər. Sağ olun”.
Rəşad Məcid isə sosial şəbəkədə paylaşdığı qeydində DİM rəhbərinin çağırışını dəstəkləmişdi: "Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq prosesində iştirak edəcəyəm. Həmkarlarımı - yazıçıları, jurnalistləri, filoloqları da Azərbaycan dili bilgilərini yoxlamağa dəvət edirəm".
Qeyd edək ki, M.Abbaszadə ötən gün “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimatına həsr olunan tədbirdə deyib: “İstəyirik ki, Yazıçılar Birliyinin üzvləri Azərbaycan dili imtahanından keçib, bizə fikirlərini söyləsinlər”.