
BAKI, 18 mart. TELEQRAF
“Sığınacağa yerləşdirilən bir gənc qızın 18 yaşının tamamına 5 ay qalıb. Eksternat imtahanının birinci mərhələsindən keçib, apreldə ikinci mərhələyə getməlidir. Bildirirlər ki, hələ 18 yaşı tamam olmayıb, digər imtahanı növbəti il verər. Haqqında danışdığım gənc uşaq evində yaşayıb. 9 illiyi bitirdikdən sonra eksternat imtahan vermək istəyir. Çox istəyir ki, təhsil alsın. Sığınacağı təhsil almağa görə istəyib. Həyatında özünə qarşı qeyri-insani münasibət görmüş bir gəncdir, çox həssas vəziyyətdədir. O, təhsillə həyatını dəyişmək istəyir. Bu yaş məsələsi niyə əngəl olur? Əgər elə idisə, sənədlər qəbul olunarkən yaşa baxılmalı idi”.
Teleqraf xəbər verir ki, bu sözləri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova ad çəkmək istəmədiyi bir gəncin problemindən danışarkən deyib.
O məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etdiyini də qeyd edib: “Elm və Təhsil Nazirliyinə, eləcədə də İctimai Şuraya müraciət olunub. Məsələnin araşdırılacağı deyildi”.
Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, eksternat imtahanlarında yaş məhdudiyyəti var: “Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar”a əsasən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin yaşı 18-dən aşağı olmamalıdır”.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib, müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
Eksternat imtahanları Təhsil Nazirliyinin 21 fevral 2012-ci il tarixli, 242 nömrəli əmri ilə təsdiq edilmiş "Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında" Qaydalar əsasında keçirilir.