
BAKI, 18 mart. TELEQRAF
"Azərbaycan və Ermənistan otuz ildən çox davam edən münaqişədən sonra sülh sazişinin mətni ilə bağlı fikir ayrılıqlarını aradan qaldırıb".
Teleqraf xəbər verir ki, bunu britaniyalı analitik Tomas de Vaal deyib.
“Bu, Cənubi Qafqazı sabitləşdirəcək böyük addımdır, amma tam sülhə nail olmaq üçün daha bir neçə məsələnin həllinə ehtiyac var”, - ekspert vurğulayıb.
Vaal qeyd edib ki, həll olunmamış ən mühüm məsələ Ermənistan ərazisindən keçməklə Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək marşrutun açılması ilə əlaqəlidir.
Analitik əlavə edib ki, həll edilməmiş məsələlərə baxmayaraq, artıq imzalanmaq üçün razılaşdırılmış sazişdə gələcəyə keçmiş münaqişəyə (Qarabağ) dair heç bir miras saxlanılmır:
“Hər iki xalqın apardığı iki müharibəyə, minlərlə insanın həyatını itirdiyi məsələlərə toxunulmur.
Paşinyan indi qəbul edir ki, Qarabağ Azərbaycanın bir hissəsidir və heç kim Qarabağ ermənilərinin tezliklə ora qayıtmasını gözləmir. Üstəgəl, Azərbaycan tərəfi Ermənistan konstitusiyasına dəyişikliklər edilməsini tələb edir. Konstitusiya məsələsi yaradıcı diplomatiya yolu ilə həll oluna bilər. Həmçinin Paşinyanın özü də 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərindən sonra yeni konstitusiyaya sahib olmaq istəyir”.
Tomas de Vaal Paşinyana istinadla Ermənistanın Azərbaycanın tələblərini qəbul etməkdən başqa yolunun olmadığını da vurğulayıb:
“Paşinyan ermənilərin qarşısında duran qərarları “Real Ermənistan” və “Tarixi Ermənistan” arasında fundamental fəlsəfi seçim kimi təqdim edir. Əslində o, seçicilərinə deyir ki, 2020-2023-cü illərdə Azərbaycan qarşısında böyük hərbi məğlubiyyətə uğrayan Ermənistan indi yeni reallıqla barışmalıdır. Azərbaycan və Türkiyə ilə barışmağa, Avropa ilə yaxınlaşmağa, rusiyadan təhlükəli asılılıqdan qurtulmağa çalışmalıdır”.
Təhlilçi hesab edir ki, Brüssel və Vaşinqton əlaqə gündəmini və xüsusən də sərhədlərin açılmasını daha fəal dəstəkləyə bilər:
“Bununla belə, Ankara əsas oyunçudur. Türkiyə anlayır ki, Ermənistanla münasibətlərin normallaşması onu Cənubi Qafqazda daha güclü oyunçuya çevirir və Rusiyanın Ermənistan üzərindəki tarixi nəzarətini zəiflədir. Ancaq bu məsələ (sərhədlərin açılması – red.) şəxsən Prezident Rəcəb Tayyib Ərdoğandan asılıdır və Azərbaycan da Türkiyəyə qardaş dövlətdir, Ankara Bakını qabaqlamamalıdır”.