
BAKI, 18 mart. TELEQRAF
“Seçki Müşahidə” Alyansının icraçı direktoru Alpay Məmməd barəsində seçilmiş həbsa qətimkan tədbirinin qərarından apellyasiya şikayəti verib.
Bu barədə Teleqraf-a onun vəkili Bəhruz Bayramov məlumat verib.
Alpay Məmməd barəsində olan qərarın ləğv edilməsini və həbsdən azad olunmasını istəyib. Lakin onun şikayətinə baxılacaq vaxt məlum deyil.
Bundan başqa, “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı da barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv olunması ilə bağlı şikayət verib. Onun şikayəti araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə təqim olunub.
Bəşir Süleymanlının şikayəti araşdırılması üçün hakim Mehriban Qarayevanın icraatına verilib. Məhkəmə baxışı martın 19-na təyin olunub.
Qeyd edək ki, “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleyman oğlu Süleymanlı və “Seçki Müşahidə” Alyansının icraçı direktoru Alpay Məmmədəli oğlu Məmməd martın 14-də Baş Prokurorluğa çağırılıblar və onlar şübhəli şəxs qismində saxlanılıblar.
Həmin gün Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Bəşir Süleymanlı və Alpay Məmməd barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Onlar Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilirlər.