
TBİLİSİ, 10 mart. TELEQRAF
Gürcüstanda bütün növ narkotik vasitələrin satışına görə cəzalar ağırlaşdırılacaq.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bununla bağlı hakim “Gürcü Arzusu” partiyası qanun layihəsi hazırlayıb.
Sənədə əsasən, yalnız xüsusilə böyük miqdarda deyil, kiçik miqdarda narkotik vasitələrin satışına görə də 12 ildən 20 ilədək və yaxud ömürlük həbs cəzası nəzərdə tutulacaq.
Bununla yanaşı, bu ilin iyunun 1-dən etibarən bir şəxsin narkotik vasitə istifadəçisi olması sübuta yetirilərsə və ya narkotik yoxlamasından keçməkdən imtinası olarsa, həmin şəxs üç il müddətinə istənilən nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum ediləcək. Həmin şəxs həmçinin dövlət sektorunda, pedaqoji və təhsil müəssisələrində çalışa bilməyəcək və silahla bağlı hüquqları da əlindən alınacaq.