BAKI, 10 mart. TELEQRAF

"Neftçi" komandası Azərbaycan Premyer Liqasında XXVI turun son oyununda "Turan Tovuz"u qəbul edib.

Teleqraf xəbər verir ki, baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi qarşılaşmada heç-heçə qeydə alınıb - 1:1. "Neftçi Arena"da keçirilən görüşdə hesabı 88-ci dəqiqədə "flaqman"ın hücumçusu Bassala Sambu açıb. Tovuz təmsilçisi 90+4-cü dəqiqədə Hayderson Hurtadonun qolu ilə məğlubiyyətdən qurtulub.

Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 18-ci dəqiqədən etibarən azlıqda mübarizə aparıb. Komandanın müdafiəçisi Emmanuel Hakman "Neftçi"nin futbolçusu Filip Ozobiçi aşkar qol epizodundan məhrum etdiyi üçün qırmızı vərəqə alıb.

Paytaxt klubu bu nəticədən sonra 28 xalla 6-cı, qərb təmsilçisi isə 43 xalla 4-cüdür.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" evdə "Səbail"i, "Şamaxı" "Sabah"ı 1:0, "Sumqayıt" "Kəpəz"i 3:0 hesabı ilə üstələyib. Turun mərkəzi görüşündə "Qarabağ" səfərdə "Araz-Naxçıvan"ı məğlub edib - 3:1.